Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, 2008-ci ilin oktyabr ayının 1-nə pul kütləsinin həcmi 5 514,5 mln. manat, banklardan kənarda olan nağd pulların həcmi isə 3 632,3 mln. manat təşkil edib. Qeyd edək ki, pul kütləsinin tərkibinə nağd pullardan əlavə manatla tələb olunanadək depozitlər (987 mln. manat) və manatla müddətli depozitlər (895,2 mln. manat) daxildir. Nağd pulların geniş mənada pul kütləsinə (M3 aqreqatı) nisbəti isə 47,5%-ə bərabər olub. Xatırladaq ki, M3-ün tərkibinə həmçinin xarici valyutada olan depozitlər (2 135,3 mln. manat) daxildir.
Qeyd edək ki, nağd pulların geniş mənada pul kütləsində xüsusi çəkisi son illər ərzində maksimal həddə çatıb:
Pul kütləsində nağd pulların xüsusi çəkisinin inkişaf etmiş ölkələrdə olan göstəricisindən (20-25%) dəfələrlə artıq olması Azərbaycanda nağd hesablaşmaların inanılmaz dərəcədə yüksək olmasını əks etdirir. Nağd hesablaşmaların bu dərəcədə yüksək olması isə ölkə iqtisadiyyatında bir sıra amillərlə bağlıdır. Belə ki, nağd hesablaşmaların iri həcmdə olması ölkənin sosial-iqtisadi həyatının iştirakçıları olan fiziki və hüquqi şəxslərin nağdsız hesablaşmalara etibar etmədiyini və onların vacib olmadığını hesab etdiyini göstərir. Digər tərəfdən nağd hesablaşmalar vergi və buna oxşar icbari ödənişlərdən yayınmasına xidmət edir. Lakin sağlam maliyyə sistemində bu cür problemlər olmamalıdır, yəni əgər maliyyə sistemi və əsasən bank sektorunda xidmətlərin səviyyəsi istənilən kimi olsaydı, nağd hesablaşmaların böyük bir hissəsi nağdsız şəkildə həyata keçirilərdi. Hazırda fiziki şəxslərin və təsərrüfat subyektlərinin nağd hesablaşmalara üstünlük verməsi ilk növbədə banklarda pərakəndə xidmətlərin çox aşağı səviyyədə olması ilə izah edilə bilər. Milli Bank tərəfindən nağd hesablaşmaların azaldılması istiqamətində müxtəlif addımlar atsa da, onlar bank işinin keyfiyyətinin artırılmasında öz əksini tapmır.