Bank Of Baku

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana gəlib

Asiya İnkişaf Bankının prezidenti Azərbaycana gəlib
# 19 noyabr 2008 16:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Asiya İnkişaf Bankının (AİB) prezidenti Haruhiko Kurodanın Azərbaycana rəsmi səfəri başlayıb. Bu barədə «APA-Economics»ə AİB-in Bakıdakı nümayəndəliyindən bildirilib.
«Səfər çərçivəsində H.Kuroda noyabrın 21-də Bakıda keçiriləcək AİB-in Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (CAREC) üzrə VII nazirlər konfransında iştirak edəcək. Bundan başqa AİB-in prezidentinin Azərbaycanın dövlət başçısı ilə və bir sıra digər dövlət qurumlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub», - deyə nümayəndəlikdən bildirilib.
Bundan başqa, H.Kurodanın səfəri çərçivəsində AİB və Azərbaycan hökuməti arasında yüksək gərginlikli elektrik stansiyalarının yenidən qurulmasına dair 150 mln. ABŞ dolları məbləğində kreditin ayrılması, habelə Gəncə dairəvi avtomobil yolunun tikintisi üçün əlavə vəsaitin ayrılmasına dair kredit sazişlərinin imzalanması gözlənilir.
Qeyd edək ki, Azərbaycana səfərindən öncə isə H.Kuroda noyabrın 18-də Ermənistan, 19-da isə Gürcüstanda olub. Ermənistana səfəri çərçivəsində H.Kuroda bu ölkənin prezidenti Serj Sarkisyan, baş nazir Tiqran Sarkisyanla görüşüb. Bundan başqa, H.Kuroda İrəvanda AİB-in rəsmi ofisinin açılış mərasimində iştirak edib. Səfər çərçivəsində H.Kuroda Ermənistanın kənd yollarının inkişafını dəstəkləmək və nəqliyyat sektorunun idarəetməsini yaxşılaşdırmaq üçün Ermənistan hökuməti ilə yeni razılaşma sənədini imzalayıb.
Gürcüstana səfəri çərçivəsində isə H.Kuroda bu ölkənin baş naziri Qriqol Mqalolişvili və digər rəsmi şəxslərlə görüşüb. Səfər zamanı AİB ilə Gürcüstan hökuməti arasında Fövqəladə Kömək Ssudasının ayrılmasına dair sənəd imzalanıb.
H.Kurodanın bu gün Azərbaycana başlayan rəsmi səfəri noyabrın 21-dək davam edəcək. Səfər boyu AİB-in prezidentini onun məsləhətçisi Hosoda Suiçi (Hosoda Shuichi) və AİB-in Mərkəzi və Qərbi Asiya şöbəsinin müdiri Xuan Miranda (Juan Miranda) müşayiət edirlər.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR