Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «AccessBank»a sindikatlaşdırılmış kredit ayıracaq

Avropa Yenidənqurma və İnkişaf Bankı «AccessBank»a sindikatlaşdırılmış kredit ayıracaq
# 20 noyabr 2008 10:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın «AccessBank» Səhmdar Kommersiya Bankına mikro və kiçik sahibkarlığın maliyyələşdirilməsi məqsədi ilə 28 mln. ABŞ dolları məbləğində sindikatlaşdırılmış kredit ayıracaq.
AYİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, dünya bazarlarında cari maliyyə vəziyyətinə baxmayaraq, kredit dörd xarici maliyyə təşkilatı tərəfindən sindikatlaşdırma üzə müvəffəqiyyətlə təşkil olunub. Sindikatlaşdırılmış kreditin 10 mln. dollar məbləğində olan hissəsi (A-loan) AYİB-in öz hesabına, qalan vəsaitin (B-Loan) 10 mln. dolları Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO), 8 mln. dolları isə Almaniyanın «WGZ Bank», Avstriyanın «Erste Bank» və Nigeriyanın «First Bank of Nigeria» tərəfindən maliyyələşdiriləcək. Kredit üç ilə ayrılır.
Qeyd edək ki, bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. dollardan arıq olan 50-dən çox investisiya layihələrinin icrasına qoşulub. Bank əsas diqqətini maliyyə sektorunun dayanıqlı inkişafı, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi və qeyri-neft özəl sektorunun inkişafı məsələlərinə yetirir.
Xatırladaq ki, 2002-ci ildən fəaliyyət göstərən «AccessBank» bu ilin sentyabr ayında əvvəlki brendini (Azərbaycan Mikromaliyyələşdirmə Bankı) dəyişib. Bankın səhmdarları rolunda AYİB (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH» konsaltinq şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR