Bank Of Baku

Bu gün 15 illiyini qeyd edən «AtaBank» gələcək planlarını açıqlayıb

Bu gün 15 illiyini qeyd edən «AtaBank» gələcək planlarını açıqlayıb
# 20 noyabr 2008 11:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda «AtaBank» Səhmdar Kommersiya Bankının (SKB) fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə bankın İdarə Heyətinin sədr müavini Müseyib Əliyev bankın ötən illər ərzində fəaliyyəti və əldə etdiyi nailiyyətləri barədə ətraflı məlumat verib.
M.Əliyevin sözlərinə görə, 2008-ci ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 130,9 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisdə 18,2% çoxdur: «Aktivlərin əsas hissəsini təşkil edən kredit portfeli də bu ilin 10 ayında əhəmiyyətli dərəcədə artıb. Belə ki, bankın kredit portfeli ilin əvvəlindən 28,3% artaraq 91,5 mln. manatı ötüb. Həmçinin, depozit portfeli 2,4% artaraq 76,5 mln. manata çatıb. Depozitlərin strukturunda fiziki şəxslərin müddətli depozitləri 46,5% artaraq 51,4 mln. manat olub. Qeyd edim ki, yanvar-oktyabr aylarında bankın gəlirləri 62% artaraq 19,9 mln. manata çatıb».
«AtaBank»ın rəsmisi həmçinin bildirib ki, bu ilin noyabr ayının 1-nə bankın aktivlərinin gəlirlik dərəcəsi 4,91%, kapitalın gəlirlik səviyyəsi isə 44,05% təşkil edib. Bu isə ötən ilin müvafiq dövrünün göstəricilərinə nisbətən müvafiq olaraq 3,58% və 27,5% çoxdur.
M.Əliyevin sözlərinə görə, bankın 2008-2010-cu illər üzrə hazırladığı strateji plana uyğun olaraq, bu müddət ərzində bank «İnternet-Banking» xidmətini tətbiq edəcək. Həmçinin, bankın marketinq və reklam siyasəti daha da təkmilləşdiriləcək: «Məqsədlərimizdən biri də yaxın gələcəkdə fasiləsiz bank xidmətləri göstərməyə başlamaq, həmçinin avtomatlaşdırılmış bank xidmətlərini tətbiq etməkdir».
Bankın İdarə Heyətinin sədr müavini Etibar Babaşlı isə öz çıxışında yaxın gələcəkdə «AtaBank»ın filial şəbəkəsinin genişləndirilməsi və kredit siyasətinin təkmilləşdirilməsi sahəsində görüləcək işlərdən danışıb.
E.Babaşlının sözlərinə görə, strateji plana uyğun olaraq, növbəti ildə bank respublika üzrə üç filial açacaq. Cari ilin sonuna kimi isə Şəmkir filialının açılması nəzərdə tutulub. Hazırda Şəmkir filialında tamamlama işləri aparılır və bu filialın fəaliyyət başlaması üçün artıq Azərbaycan Milli Bankına da müraciət olunub.
Bununla yanaşı, E.Babaşlı 2008-ci ilin sonunadək bankın kredit portfelinin 4,4% artaraq 95 mln. manata çatacağı proqnozlaşdırılır.
Xatırladaq ki, «AtaBank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı, 46 bankomatı və 273 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR