Bank Of Baku

Asiya İnkişaf Bankının CAREC Proqramı çərçivəsində regional nəqliyyat dəhlizlərinə 21 mlrd. dollar sərmayə yatırılacaq

Asiya İnkişaf Bankının CAREC Proqramı çərçivəsində regional nəqliyyat dəhlizlərinə 21 mlrd. dollar sərmayə yatırılacaq
# 21 noyabr 2008 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Asiya İnkişaf Bankının (AİB) CAREC Proqramı çərçivəsində təşkil olunmuş VII Nazirlər Konfransının yekunlarına dair mətbuat konfransı keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev, AİB-in vitse-prezidenti Xiaoyu Jao (Xiaoyu Zhao), AİB-in departament müdirinin müavini Şon O’Sallivan iştirak ediblər.
S.Vəliyev bildirib ki, Azərbaycan 2001-ci ildən CAREC Proqramının üzvüdür və bu proqramın tədbirləri 2008-ci ildə Bakıda keçirilib.
X.Jao isə CAREC Proqramının icrasına AİB-lə iştirakçı dövlətlərin bir neçə illik əməkdaşlığından sonra başlandığını vurğulayıb. Onun sözlərinə görə, Nazirlər Konfransında 8 ölkənin naziri iştirak edib: «Tədbir çərçivəsində enerji, nəqliyyat və ticarət sahələrinə aid bir neçə strateji sənəd imzalanıb. Hansı ki, bu sənədlər gələcəkdə öz müsbət təsirlərini göstərəcək».
AİB rəsmisi bildirib ki, CAREC Proqramı çərçivəsində regional nəqliyyat dəhlizlərinə 21 mlrd. ABŞ dolları sərmayə yatırılacaq: «Bu dəhlizlərin inkişafı regionda əhalinin sosial vəziyyətinin yaxşılaşması, Asiya və Avropanın iqtisadi bağlantısının qurulması baxımından böyük əhəmiyyətə malikdir».
Ş.O’Sallivan isə qeyd edib ki, dünyada davam etməkdə olan maliyyə böhranı proqrama müəyyən təsir göstərə bilər: «Buna görə də dövlətlərin birliyi vacibdir».
Qeyd edək ki, AİB 1966-cı ildə yaradılıb. Hazırda banka 67 ölkə (48-i Asiya ölkəsidir) üzvdür. AİB 2007-ci ildə 10,1 mlrd. dollar kredit, 673 mln. dollar qrant və 243 mln. dollar texniki yardım ayırıb.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR