Bank Of Baku

İlin sonunadək Azərbaycanla Asiya İnkişaf Bankı arasında iki kredit sazişi imzalanacaq

İlin sonunadək Azərbaycanla Asiya İnkişaf Bankı arasında iki kredit sazişi imzalanacaq
# 21 noyabr 2008 15:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev, Rəşad Süleymanov - APA-Economics. Asiya İnkişaf Bankı (AİB) CAREC Proqramı çərçivəsində 2017-ci ilədək Azərbaycana 68,5 mln. dollar həcmində texniki yardım ayıracaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev bildirib.
AİB-in vitse-prezidenti Xiaoyu Jao (Xiaoyu Zhao) isə bildirib ki, qeyri-bank kredit təşkilatlarına kredit ayırmaq AİB-in marağında deyil. Lakin dövlət layihələrinin icrasında iştirak edən Azərbaycanın qeyri-bank kredit təşkilatları vəsait üçün müraciət edərsə, AİB buna baxa bilər.
Bank rəsmisi Azərbaycana səfəri çərçivəsində ölkə hökuməti ilə heç bir müqavilə imzalanmadığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan hökuməti ilə 2 layihənin maliyyələşdirilməsinə dair sazişin imzalanması nəzərdə tutulur və bu sənədlər dekabr ayının əvvəlində imzalanacaq.
Məlumat üçün bildirək ki, AİB-in Direktorlar Şurası Azərbaycanda həyata keçiriləcək «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» üçün 160 mln. ABŞ dolları məbləğində kreditin ayrılmasını təsdiqləyib.
Gəncə dairəvi avtomobil yolunun tikintisinin maliyyələşdirilməsinə dair sazişə isə hazırda Nazirlər Kabinetində baxılır. AİB-in Direktorlar Şurası layihənin icrası üçün 55,4 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Dairəvi yolun tikintisi isə ümumilikdə 73,9 mln. dollar məbləğində qiymətləndirilir ki, çatmayan 18,5 mln. dolları Azərbaycan hökuməti ayıracaq.
Qeyd edək ki, AİB 1966-cı ildə yaradılıb. Hazırda banka 67 ölkə (48-i Asiya ölkəsidir) üzvdür. AİB 2007-ci ildə 10,1 mlrd. dollar kredit, 673 mln. dollar qrant və 243 mln. dollar texniki yardım ayırıb.
Xatırladaq ki, CAREC AİB-in Mərkəzi Asiyada regional əməkdaşlığa dair dəstəklədiyi təşəbbüsdür və onun icrasına 1997-ci ildə başlanılıb. Hazırda bu proqram nəqliyyat, ticarət siyasəti və energetika sahələrini əhatə edir. CAREC Proqramı ilə Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı və BMT-nin İnkişaf Proqramı sıx əməkdaşlıq edir və bu qurumlar 2006-2008-ci illər ərzində energetika, nəqliyyat və ticarət sahələrində həyata keçirilən investisiya layihələrinin icrasına 2,3 mlrd. dollar həcmində 42 kredit ayırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR