Bank Of Baku

Azərbaycan valyutasının real effektiv məzənnəsi artır

Azərbaycan valyutasının real effektiv məzənnəsi artır
# 26 noyabr 2008 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real məzənnələrin dəyişməsinin ticarətdə xüsusi çəkiləri nəzərə alınmaqla ortaölçülü göstəricini əks etdirən manatın real effektiv məzənnəsi (neft sektoru daxil olmaqla) 2008-ci ilin yanvar-oktyabr aylarında ümumi ticarət dövriyyəsi üzrə 23,5%, idxal çəkili 23,0%, ixrac çəkili 23,3% bahalaşıb. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının (AMB) manatın real ikitərəfli və effektiv məzənnə indeksləri barədə icmalında deyilir.
İcmalda qeyd olunur ki, qeyri-neft sektoru üzrə real effektiv məzənnə yanvar-oktyabr aylarında ümumi ticarət dövriyyəsi, idxal, həmçinin ixrac çəkili müvafiq olaraq 21,3%, 21,9% və 18,6% bahalaşıb. Real effektiv məzənnənin dəyişməsinə həm nominal valyuta məzənnələrinin dəyişməsi, həm də qiymətlərin dəyişməsi artırıcı təsiri göstərir. İcmalda müşahidə olunan məzənnə indekslərindəki kəskin artım əsasən xarici valyutaların manata qarşı rəsmi məzənnələrinin dəyişkənliyi və qlobal maliyyə böhranının yüksək təsiri nəticəsində tərəfdaş ölkələrdə qeydə alınan aşağı inflyasiya ilə əlaqələndirilir.
Qeyd edək ki, real effektiv məzənnə indeksləri ölkə iqtisadiyyatının rəqabətlik qabiliyyətinin qiymətləndirmə göstəricisi kimi istifadə olunur və onun artması rəqabətlik qabiliyyətinin aşağı düşməsini göstərir. Lakin bunu uzunmüddətli dövrlə müqayisədə və qeyri-neft sektoru üzrə təhlil etmək məqsədəuyğun hesab olunur. Belə ki, oktyabr ayında 2000-ci ilin dekabrına nisbətən real effektiv məzənnə neft sektoru daxil olmaqla ümumi ticarət dövriyyəsi üzrə 17,3% artıb. Qeyri-neft sektoru üzrə 2000-ci ilin dekabrına nəzərən real effektiv məzənnənin möhkəmlənməsi ümumi ticarət dövriyyəsi üzrə 7,9% təşkil edib.
Uzunmüddətli dövrdə qeyri-neft sektoru üzrə real effektiv məzənnənin artım tempinin düşməsi onunla əlaqədardır ki, bu dövrdə ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya tempi Azərbaycandakı inflyasiyanı üstələyib. Milli Bankın hesablamalarına görə, təhlil aparılan dövrdə, yəni 2000-ci ildən Azərbaycanda inflyasiya səviyyəsi 94,6% olduğu halda, ticarət tərəfdaşı olan ölkələrdə qiymətlər orta hesabla 98,5% artıb.
Qeyd edək ki, AMB-nin Pul siyasəti Departamentinin direktoru Xəqani Abdullayevin «APA-Economics»ə açıqlamasında Azərbaycanda müşahidə olunan manatın real effektiv məzənnəsinin artmasını xarici amillərlə və ilk növbədə ticarət tərəfdaşı olan ölkələrlə ticarətdə iştirak edən valyutaların dəyişməsi ilə əlaqələndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR