Bank Of Baku

Milli Büdcə Qrupu Azərbaycanın 2009-cu il dövlət büdcəsinin təhlilini başa çatdırıb

Milli Büdcə Qrupu Azərbaycanın 2009-cu il dövlət büdcəsinin təhlilini başa çatdırıb
# 26 noyabr 2008 14:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Milli Büdcə Qrupunun (MBQ) üzvləri 2009-cu il üzrə dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dair mətbuat konfransı keçiriblər.
«APA-Economics»in məlumatına görə, MBQ-nin İdarə Heyətinin üzvü Zöhrab İsmayılovun sözlərinə görə, 2009-cu ildə dövlət büdcəsinin gəlirləri 12,177 mlrd. manat, xərcləri isə 12,355 mlrd. manat həcmində nəzərdə tutulub. Bu isə 2008-ci ilin analoji proqnozlarına nisbətən müvafiq olaraq 16,1% və 11,7% çoxdur.
Z.İsmayılovun sözlərinə görə, MBQ 2009-cu il dövlət büdcəsinin gəlir və xərclər üzrə proqnozları hərtərəfli təhlil edib. Belə ki, son illərdə büdcə üçün xarakterik olan yüksək artım tempi 2009-cu ildə bir qədər səngiyəcək. Nəticədə, əgər əvvəlki ilə nisbətən dövlət büdcəsinin gəlirləri 2006-cı ildə 88,2%, 2007-ci ildə 49,2%, 2008-ci ildə isə 74,5% artmışdırsa, gələn il üçün artımın səviyyəsi 16,1% proqnozlaşdırılır.
Həmçinin, əvvəlki ilə nisbətən dövlət büdcəsinin neftdən asılılığı bir qədər də güclənir. Cari ildə birbaşa neft gəlirlərinin dövlət büdcəsinin gəlirlərində payı 62,4% səviyyəsində gözlənilirsə, gələn il həmin göstəricinin 65,4%-ə çatacağı proqnozlaşdırılır.
Z.İsmayılov bildirib ki, ölkədə rəsmi bəyan olunan işgüzar fəallığının 2009-cu ilin büdcəsinə təsiri son dərəcə zəif hiss olunur. Növbəti ilin büdcəsinin ümumi gəlirlərinin artımının ¾ hissəsi neft sektoru hesabına təmin olunacaq. Həmçinin, qeyri-neft sektorunun vergi ödənişlərində mütləq artım proqnozlaşdırılırdısa da, bu mənbədən daxilolmaların büdcə gəlirlərində xüsusi çəkisi dəyişmir. Növbəti ilin dövlət büdcəsində vergi gəlirlərinin payı əhəmiyyətli dərəcədə azalır. Belə ki, 2009-cu ilin dövlət büdcəsində vergi gəlirlərinin payı ümumi gəlirlərin 57,3%-i səviyyəsində proqnozlaşdırılır. Halbuki, 2008-ci ilin analoji göstəricinin 61,4% təşkil edəcəyi gözlənilir. Həmçinin, əvvəlki illərdə olduğu kimi 2009-cu ildə də yerli gəlirlərin dövlət büdcəsində payı son dərəcə azdır.
MBQ-nin ekspertlərinin hesablamalarına görə, 2009-cu ildə, 1995-ci ildən sonra ilk dəfə büdcə xərclərinin real həcmi azalacaq. Gələn ilin büdcəsində sosial xərclərin büdcədəki birbaşa payı 3,3 faiz bəndi artaraq 25,6% təşkil edəcək.
Z.İsmayılovun sözlərinə görə, bütün bunları nəzərə alaraq, MBQ-nin yekdil rəyi ondan ibarətdir ki, xam neftin hər bareli üçün qiymətin hətta 40 dollara düşəcəyi halda, dövlət büdcəsində problem gözlənilmir. «Nəzərə almaq lazımdır ki, dövlət büdcəsinə neft gəlirlərinin ¾ hissəsi Dövlət Neft Fondunun transfertlərindən ibarətdir. Beləliklə, MBQ 2009-cu ilin dövlət büdcəsinin layihəsini diqqətlə nəzərdən keçirərək onu bütövlükdə, strukturlar üzrə dəyərləndirərək, müvafiq qiymətləndirmələr və təhlillər apararaq bu nəticələrə gəlib. Birincisi, büdcənin qəbulu sürətləndirilməlidir. Xərclərdəki proqnoz və yanaşma xətalarının artmasını nəzərə alaraq üçillik ortamüddətli xərc sənədi tətbiq edilməlidir. Həmçinin, büdcənin təsnifatı səviyyəsi yüksəldilməli və beynəlxalq təsnifat normalarına uyğunlaşdırılmalıdır», - deyə Z.İsmayılov bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR