AİF-dən «APA-Economics»ə verilən məlumata əsasən, ümumilikdə, 2005-2008-ci illərdə müvəkkil kredit təşkilatları tərəfindən Fondun şərtlərinə uyğun 67,9 mln. manat məbləğində ipoteka kreditləri verilib. Ayrılmış kreditlərin 63,3 mln. manatı artıq AİF tərəfindən yenidən maliyyələşdirilib. Qalan ipoteka kreditləri isə «Azərbaycan Respublikasının Milli Bankı nəzdində Azərbaycan İpoteka Fondunun vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi Qaydaları»na uyğun tələb olunan sənədlər AİF-ə təqdim edildikcə müvafiq qaydada yenidən maliyyələşəcək.
Qeyd edək ki, bu müddət ərzində dövlət büdcəsində Fondun şərtləri ilə verilən ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsi məqsədilə 80 mln. manat məbləğində vəsait nəzərdə tutulub. Bunun 68 mln. manatı artıq büdcədən Fonda köçürülüb. Maraqlıdır ki, 2005-ci ildə büdcədən 6 mln. manat ayrılsa da, bu il ipoteka kreditləri maliyyələşdirilməyib:
(mln. manat)
İllər | 2005 | 2006 | 2007 | 2008 | Cəmi |
İpoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsində nəzərdə tutulub | 6 | 20 | 20 | 34 | 80 |
Dövlət büdcəsindən AİF-ə köçürülüb | 6 | 20 | 20 | 22 | 68 |
MKT-lər tərəfindən verilmiş ipoteka kreditləri | - | 6,3 | 61,6 | - | 67,9 |
AİF-in yenidən maliyyələşdirdiyi ipoteka kreditləri | - | 1,6 | 45,1 | 16,6 | 63,3 |
Cədvəldən göründüyü kimi, 2008-ci il ərzində dövlət büdcəsində ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş 34 mln. manatdan 22 mln. manatı artıq AİF-ə köçürülüb.