Bank Of Baku

Azərbaycanda bələdiyyə istiqrazları ilə bağlı sorğu keçirilib

Azərbaycanda bələdiyyə istiqrazları ilə bağlı sorğu keçirilib
# 29 noyabr 2008 09:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» adlı layihə çərçivəsində ictimaiyyət arasında bələdiyyə istiqrazları haqqında təşkil etdiyi sorğunun nəticələrini açıqlayıb.
İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, sorğunun məqsədi əhalinin bələdiyyə istiqrazlarına münasibətini, bu qiymətli kağızı almaq imkanları və məramını öyrənmək, həmçinin vətəndaşları məlumatlandırmaq olub. Bakı şəhərinin Səbail və Nəsimi rayonlarını əhatə edən sorğu 400 respondent arasında anonim şəkildə aparılıb.
Sorğu zamanı «Bələdiyyə istiqrazı barədə məlumatınız varmı?» sualına respondentlərin 181-i müsbət, 219-i isə «xeyr» cavabı verib. «Bələdiyyə istiqrazlarını əldə etmək istərdinizmi?» sualına isə sorğu iştirakçılarının 279 nəfəri «bəli», 99 nəfəri «xeyr», 22 nəfəri isə «bilmirəm» cavabı verib.
Bundan başqa, sorğu çərçivəsində «Hansı müddətə bələdiyyə istiqrazlarına investisiya etmək istərdiz?» (169 nəfər - 1 ilədək, 131 nəfər - 3 ilədək, 36 nəfər - 3 ildən artıq, 29 nəfər – bilmirəm, 5 nəfər – digər, 30 respondent heç bir suala cavab verməyib), «Ödəniləcək hansı gəlirlik dərəcəsi Sizin üçün məqbuldur?» (135 nəfər – 20-22%, 114 nəfər – 13-15%, 68 nəfər – 5-7%, 36 nəfər – bilmirəm, 9 nəfər – digər, 38 respondent heç bir suala cavab verməyib), «Qiymətli kağızlara investisiya barədə qərarı özünüz vermək istərdiz, yaxud bu cür qərarı qiymətli kağızlar bazarının peşəkar iştirakçısına həvalə edərdiz?» (173 nəfər – özüm, 134 nəfər - bazarın peşəkar iştirakçısına, 50 nəfər - bilmirəm, 5 nəfər - digər, 38 respondent heç bir suala cavab verməyib), «Bələdiyyə istiqrazları haqqında hansı qəzet, jurnal, televiziya, radio, elektron KİV-də məlumatların mütəmadi yerləşdirilməsini istərdiz?» (112 nəfər – qəzetlərdə, 7 nəfər – jurnallarda, 157 nəfər – televiziyada, 8 nəfər – radioda, 18 nəfər - elektron KİV, 55 nəfər - bilmirəm, 2 nəfər – digər, 41 respondent heç bir suala cavab verməyib) sualları da cavablandırılıb.
Sualların sırasına həmçinin «Yaşadığınız bələdiyyə ərazisində hansı sosial, yaxud infrastruktur layihəsinin bu istiqrazlar vasitəsilə cəlb olunmuş vəsaitlə reallaşdırılmasını istərdiz?» sualı da daxil edilib ki, respondentlərin 112-si – yol, 110-u - kanalizasiya xətti, 111-i – sosial-məişət obyekti, 34-ü - bilmirəm, 4-ü – digər, 29 respondent isə cavab verməyib.
Qeyd edək ki, sorğuda 19-75 yaş arasında olan respondentlər iştirak edib. İştirakçıların 234-ü kişi, 166-sı isə qadın olub. Həmin respondentlərin 305 nəfərinin gəlir səviyyəsi aşağı, 82 nəfərin orta, 10 nəfərin isə yüksəkdir (3 respondent gəlir səviyyəsini qeyd etməyib).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR