Bank Of Baku

Azərbaycanda son bir ildə pul kütləsi 54% artıb

Azərbaycanda son bir ildə pul kütləsi 54% artıb
# 04 dekabr 2008 12:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinin həcmi (M2 aqreqatı) 2008-ci ilin noyabr ayının 1-nə 5 443,8 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəli ilə müqayisədə 23,7%, ötən ilin müvafiq dövrünə nisbətən isə 54,1% çoxdur. Eyni zamanda, oktyabr ayında M2 aqreqatının 70,7 mln. manat və ya 1,3% azalması müşahidə olunub.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, pul kütləsinin strukturunda banklardan kənarda nağd pulların həcmi (M0 aqreqatı) 3 636,4 mln. manat, ilin əvvəlindən artım 34%, illik artım isə 70% təşkil edib. Göründüyü kimi, nağd pulların artım tempi məcmu pul kütləsinin artım tempini nəzərə çarpan dərəcədə üstələyir.
M2 aqreqatının tərkibinə həm də manatla tələb olunanadək və manatla müddətli depozitlər daxildir. Manatla tələb olunanadək depozitlərin həcmi noyabrın 1-nə 893,3 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,5% artıq olduğu halda, cari ilin əvvəlindən 4,9% azalıb. Bununla yanaşı, manatla müddətli depozitlərin həcmi il ərzində 35,7%, ilin əvvəlindən isə 22,1% artaraq 914,1 mln. manata çatıb.
Geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi noyabrın 1-nə 7 608 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 29%, ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 47,7% çoxdur. Geniş mənada pul kütləsinin tərkibinə M2 aqreqatı ilə yanaşı sərbəst dönərli valyutada depozitlər daxildir. Bu göstərici il ərzində 33,7%, bu ilin 10 ayı ərzində isə 44,7% artaraq 2 164,2 mln. manat təşkil edib.
Qeyd edək ki, noyabrın 1-nə pul kütləsində nağd pulların payı 66,8% təşkil edib. Bu göstərici ilin əvvəlində 61,6%-ə, ötən ilin noyabrın əvvəlində isə 60,6%-ə bərabər olub. Beləliklə, nağd pulların pul kütləsində xüsusi çəkisi tədricən artmaqdadır. Eyni zamanda, tələb olunanadək depozitlərin həcmi azalır. Belə ki, təkcə oktyabrda azalma 93,7 mln. manat təşkil edib ki, bu da pul kütləsinin M2 aqreqatının azalmasından artıqdır. Tələb olunanadək depozitlərin azalmasının əsas səbəbi oktyabrda banklar tərəfindən kreditləşmənin məhdudlaşdırılması nəticəsində fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti üçün öz bank hesablarında olan vəsaitlərdən istifadəsi olub. Qeyd edək ki, tələb olunanadək depozitlər yığım xarakteri daşımır və cari hesablaşmalar və cari sahibkarlıq fəaliyyəti üçün banklarda saxlanılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR