«APA-Economics»in Bakı Banklararası Valyuta Birjasının (BBVB) məlumatları əsasında bildirdiyinə görə, ötən həftə ilə müqayisədə bankların mütəşəkkil pul bazarında fevralın 2-nə tətbiq etdiyi dərəcələr manat resursları üzrə 3,25 faiz bəndi azalıb. Bu günə açıqlanan məlumata görə isə, pul təklifi üzrə faiz dərəcələrinin enməsi daha çox 7, 30 və 90 günlük kreditlər üzrə müşahidə olunub və müvafiq olaraq 0,82, 0,09 və 0,003 faiz bəndi təşkil edib. Eyni zamanda, altı aylıq kreditlər üzrə təklif olunan faiz dərəcəsi son iki gündə 0,28 faiz bəndi artıb, illik vəsaitlər üzrə isə dəyişməz qalıb.
Qeyd etmək lazımdır ki, son illər ərzində ən aşağı həddə düşən bankların faiz dərəcələri birjanın hesabladığı BakİBOR (Baku İnterbank Offer Rate) və BakİBİD (Baku İnterbank Bid Rate) göstəricilərində əksini tapıb:
ALƏTLƏR | 30.01.2009 | 02.02.2009 | 03.02.2009 |
7 gün BakIBOR (AZN) | 12,57% | 12,36% | 11,75% |
30 gün BakIBOR (AZN) | 14,33% | 14,50% | 14,42% |
90 gün BakIBOR (AZN) | 15,33% | 15,93% | 15,30% |
180 gün BakIBOR (AZN) | 16,60% | 16,83% | 16,88% |
360 gün BakIBOR (AZN) | 20,50% | 19,67% | 20,50% |
Eyni zamanda, yuxarıda gətirilən cədvəldən göründüyü kimi, banklar tərəfindən cəlb edilən kreditlər üzrə dərəcələr yalnız 7 və 90 günlük vəsaitlər üzrə enib.
ALƏTLƏR | 30.01.2009 | 02.02.2009 | 03.02.2009 |
7 gün BakIBİD (AZN) | 6,86% | 6,36% | 6,25% |
30 gün BakIBİD (AZN) | 8,50% | 8,92% | 8,93% |
90 gün BakIBİD (AZN) | 10,17% | 10,36% | 9,70% |
180 gün BakIBİD (AZN) | 9,50% | 10,83% | 9,75% |
360 gün BakIBİD (AZN) | 12,00% | 12,75% | 12,00% |
Xatırladaq ki, qlobal iqtisadi böhranın dərinləşməsi ilə əlaqədar son bir neçə ay ərzində ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması məqsədi ilə Azərbaycan Milli Bankının təkrar maliyyələşdirmə dərəcəsi üç dəfə endirilərək 5%-ə çatdırılıb. Bu da öz növbəsində ölkə banklarının faiz dərəcələri siyasətinə təsir göstərməlidir.
Qeyd edək ki, BakİBOR və BakİBİD - pul bazarında kreditlərin cəlb olunması və yerləşdirilməsi göstəriciləridir. Bu indikatorların hesablanması pul bazarının aparıcı bank-operatorları (market-meykerlər) tərəfindən elan edilən kreditlərin cəlb olunması və yerləşdirilməsi tarifləri əsasında aparılır.