Bank Of Baku

Yeni ABŞ Administrasiyası dünya maliyyə böhranının səbəbkarlarını cəzalandıracaq

Yeni ABŞ Administrasiyası dünya maliyyə böhranının səbəbkarlarını cəzalandıracaq
# 04 fevral 2009 13:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın baş prokuroru Erik Holder spekulyativ əməliyyatlar və pozuntuları dünya maliyyə böhranına səbəb olan Uoll-strit maliyyəçilərinin məsuliyyətə cəlb ediləcəyini bəyan edib. «APA-Economics»in «Associated Press» agentliyinə istinadən verdiyi məlumatına görə, E.Holder bildirib ki, ABŞ-ın Ədliyyə Nazirliyi bununla bağlı istintaq aparacaq və günahkarları məsuliyyətə cəlb edəcək.
Qeyd edək ki, həm Amerikada, həm onun xaricində ölkənin maliyyə mərkəzi hesab olunan və əsas maliyyə qurumları və birjaların yerləşdiyi Uoll-stritin «sakinlərini» arasında dünya maliyyə böhranının yaranmasında günahlandırılan çoxdur. Böhrandan əziyyət çəkən maliyyə ictimaiyyəti Uoll-strit menecerlərinin bonus və mükafat alması faktlarını birmənalı şəkildə mənfi qarşılayıb. Bu fakt həmçinin ABŞ-ın yeni prezidenti Barak Obamanın diqqətindən yayınmayıb və dövlət başçısının bununla bağlı bəyanatı Uoll-stritin menecerləri üçün ilk təhlükəli siqnal olub. Xatırladaq ki, B.Obama ötən ilin yekunlarına görə bank işçilərinə ümumilikdə 18 mlrd. dollar məbləğində bonus və mükafatların verilməsini məsuliyyətsizlik və rüsvayçılıq adlandırıb.
Eyni zamanda, ABŞ prezidenti hesab edir ki, 700 mlrd. dollar həcmində maliyyə dəstəyinin ikinci hissəsinin daha səmərəli və şəffaf istifadə edilməsi və 825 mlrd. dollarlıq yeni planın düzgün istiqamətləndirilməsi təqdirdə böhrandan çıxış yolu tapmaq mümkün olacaq. Qeyd edək ki, sözügedən planın təxminən 40%-ni vergi güzəştləri təşkil edəcək, bu da ilk növbədə böhran şəraitində sahibkarlığa dəstək kimi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR