AMB-nin hesabatına əsasən, ölkədəki bankların fiziki şəxslərə ayırdığı kredit vəsaitləri 2008-ci ildə 2 334,9 mln. manata çatıb. Bu göstərici son bir ildə 729 mln. manat artsa da, 2007-ci ilin müvafiq faktiki artım həcmindən 13,3% az olub. Eyni zamanda, artım tempinin azalması nəticəsində bu növ kreditlərin bankların ümumi kredit portfelində payı 35,5%-dən 33,4%-ə enib. Maraqlıdır ki, fiziki şəxslərə verilən kreditlərin yalnız 1,3%-i plastik kartlarla əməliyyatların payına düşür.
AMB-dən həmçinin bildirilib ki, təhlil olunan dövr ərzində qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslərə bankların kredit qoyuluşları əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,5% artıb. Onun məcmu kredit qoyuluşlarında xüsusi çəkisi isə son bir ildə 54,8%-dən 66,6%-dək yüksəlib. Ötən il sənaye və istehsala yönəldilən kreditlərin həcmi 38,8% artaraq 427,5 mln. manata, ticarət və xidmət sahələrinə - 60,1% artaraq 1 911,3 mln. manata, kənd təsərrüfatı və emala - 32,6% artaraq 261,5 mln. manata, nəqliyyat və rabitə sektorlarına verilən kreditlərin həcmi isə 42,5% artaraq 669,1 mln. manata çatıb.
Qeyd edək ki, iqtisadiyyatın digər sahələrinin inkişafına təkan verə biləcək inşaat və əmlak sektoruna yönəldilən bank kreditlərinin həcmi ötən il ərzində 47,7% artaraq 2009-cu ilin əvvəlinə 461,4 mln. manat təşkil edib.
Cari ilin əvvəlinə kredit qoyuluşlarının iqtisadiyyatın sahələri üzrə strukturu aşağıdakı kimi olub:
Kreditlərin həcmi, mln. AZN | Ümumi məbləğdə xüsusi çəki, %-lə | 01.01.2008 tarixinə nisbətən dəyişmə, %-lə | |
Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslər | 4 663,9 | 66,6 | 64,5 |
Ticarət və xidmət | 1 911,3 | 27,3 | 60,1 |
Energetika və təbii ehtiyatlar | 855,7 | 12,2 | 3 dəfə |
Kənd təsərrüfatı və emal | 261,5 | 3,7 | 32,6 |
İnşaat və əmlak | 461,4 | 6,6 | 47,7 |
Sənaye və istehsal | 427,5 | 6,1 | 38,7 |
Nəqliyyat və rabitə | 669,1 | 9,6 | 42,5 |
Dövlət idarəetməsi | 0,6 | 0,01 | 0,9 |
Digər kredit əməliyyatları | 76,9 | 1,1 | 0,9 |
Fiziki şəxslər | 2 334,9 | 33,4 | 40,9 |
C Ə M İ | 6 998,8 | 100 | 52,8 |
Qeyd: vaxtı keçmiş kreditlər nəzərə alınmadan.