Bank Of Baku

Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında 2008-ci ildə bağlanılan əməliyyatların həcmi kəskin artıb

Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında 2008-ci ildə bağlanılan əməliyyatların həcmi kəskin artıb
# 06 fevral 2009 11:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın mütəşəkkil banklararası kredit bazarında 2008-ci ildə manat, ABŞ dolları və avro ilə bağlanılan əməliyyatların orta illik faiz dərəcəsi 14,3-15,4% təşkil edib. Belə ki, manat kreditləri üzrə faiz dərəcəsi 14,3%-ə, avro üzrə 14,6%-ə, dollar üzrə 15,4%-ə bərabər olub. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının «2008-ci ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında Hesabat»da deyilir.
Hesabata əsasən, mütəşəkkil banklararası kredit bazarında manatla bağlanmış əqdlərin ümumi həcmi 144,2 mln. manat, ABŞ valyutası - 105,1 mln. dollar, Avropa valyutası ilə isə 18,5 mln. avro təşkil edib. Verilmiş kreditlərin müddəti 1-360 gün diapazonunda dəyişib.
Hesabatda həmçinin deyilir ki, 2008-ci ildə dövlət qiymətli kağızları ilə «bank-bank» sxemi üzrə bağlanılan banklararası repo əməliyyatlarının ümumi həcmi 474,6 mln. manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2007-ci ildə müvafiq göstərici 253,8 mln. manata bərabər olub. Ötən il banklararası repo əməliyyatları üzrə orta ölçülmüş gəlirlilik 4,98% təşkil edib, əməliyyatlar isə 1-10 gün müddətinə bağlanılıb.
Müqayisə üçün bildirək ki, 2007-ci ilin müvafiq hesabatına əsasən, həmin il ərzində mütəşəkkil banklararası kredit bazarında manatla bağlanmış əqdlərin ümumi həcmi 35,8 mln. manat, dollarla 25,8 mln. dollar təşkil edib, avroda isə kredit əməliyyatları aparılmayıb. Eyni zamanda, manatla bağlanmış əqdlər üzrə orta illik faiz dərəcəsi 15,1%, dollar üzrə 13,1% təşkil edib.
Beləliklə, ötən il mütəşəkkil banklararası kredit bazarında əməliyyatların həcmi kəskin artıb. O cümlədən, manatla əməliyyatların həcmi 4 dəfə, dollarla 4,1 dəfə genişlənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR