AMB-nin Statistika və tədqiqatlar Departamentinin məlumatına əsasən, 2008-ci ilin yekunlarına görə, kredit təşkilatlarının milli valyutadakı depozit bazası 247,2 mln. manat və yaxud 14,6% artaraq 1 935,3 mln. manata çatıb. Eyni zamanda, xarici valyutada depozit portfelinin həcmi 917,6 mln. manat və yaxud 61,3% yüksəlib və 2 413,2 mln. manat təşkil edib. Nəticədə, xarici valyutada açılan əmanətlərin ümumi depozit portfelində payı il ərzində 47%-dən 55,5%-dək yüksəlib.
Qeyd edək ki, bankların kredit portfelində manat borcalmalarının xüsusi çəkisi 2008-ci ildə 46,3%-dən 49,1%-ə çatıb. Bu zaman, xarici valyutada aparılan kreditləşmənin tempi manatla verilən kreditlərin dinamikasını 16,5 faiz bəndi üstələyib və 62,3% təşkil edib. Beləliklə, xarici valyutada ayrılan kreditlərin həcmi il ərzində 2 169,73 mln. manatdan 3 517,13 mln. manatadək artıb, halbuki, həmin müddət ərzində milli valyutada verilən kreditlərin həcmi 2 511,07 mln. manatdan 3 646,07 mln. manatadək yüksəlib.
Maraqlıdır ki, qısamüddətli kreditlərin 41,3%-i, uzunmüddətli kreditlərin isə 52,7%-i xarici valyutada verilib. Milli valyutada kreditlərin 96,1%-ni banklar tərəfindən verilmiş kreditlər, qalanını isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Xarici valyuta ilə verilən kreditlərin 98,5%-i bankların, 1,5%-i isə qeyri-bank kredit təşkilatlarının payına düşür.
Qeyd edək ki, banklar tərəfindən milli valyuta ilə verilən kreditlərin 24,5%-i Azərbaycan Beynəlxalq Bankı (ABB), qalanı isə digər banklar tərəfindən ayrılıb. Banklar tərəfindən xarici valyuta ilə verilən kreditlərin 62,5%-i ABB-nin, qalanı isə digər bankların payına düşür.