Bank Of Baku

«Bank Standard» ötən ilki fəaliyyətinin yekunlarını açıqlayıb

«Bank Standard» ötən ilki fəaliyyətinin yekunlarını açıqlayıb
# 12 fevral 2009 10:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) ipoteka kreditləri portfelinin həcmi 2009-cu ilin yanvar ayının 1-nə 13,6 mln. manat təşkil edib ki, bu da ötən ilin əvvəli ilə müqayisədə 28,3% çoxdur. «APA-Economics»in məlumatına görə, bunu «Bank Standard»ın İdarə Heyəti sədrinin birinci müavini Cavid Quliyev bu gün keçirilən mətbuat konfransında bildirib.
C.Quliyevin sözlərinə görə, bu ilin yanvarın 1-nə bankın aktivləri 619,1 mln. manat, fiziki və hüquqi şəxslərə ayrılan kreditlərin həcmi 394,4 mln. manat, müştəri hesablarında olan vəsaitlərin həcmi isə 191,8 mln. manat təşkil edib. Həmçinin, bank strateji inkişaf proqramı çərçivəsində nizamnamə kapitalını 29% artıraraq 64,5 mln. manata, ümumi gəlirlərini isə 44% artaraq 98,5 mln. manata çatdırıb.
C.Quliyev bildirib ki, bu müddət ərzində bankın avtomobil kreditləri üzrə də artım müşahidə olunub. Belə ki, 2008-ci il ərzində bu kreditlərin ümumi həcmi 4,7% artaraq 56 mln. manat, məcmu kapital isə 77,4 mln. manat təşkil edib. «Son bir neçə ildə müşahidə olunan sürətli artımın ardından ötən il ölkənin maliyyə bazarı ilə birgə «Bank Standard» da korrektə dövrünü yaşayıb. Hesabat ilinin ikinci yarısında bu sektorda dünya maliyyə böhranının təsiri müəyyən dərəcədə hiss olunmağa başlayıb. Obyektiv amillərlə yanaşı, 2007-ci ildə banka qoyulan bir sıra qısamüddətli depozitlərin müddətinin bitməsi, həmçinin bir neçə iri korporativ müştərinin sərmayə qoyuluşu məqsədi ilə nəzərə çarpacaq məbləğlərin bankdan geri götürməsi bankın fəaliyyət göstəricilərinə təsir edib. Lakin bu amillərin təsirinə baxmayaraq, bank öz aktivlərinin ümumi həcmini əvvəlki səviyyədə saxlamağa, məcmu kapitalını artırmağa, eyni zamanda Azərbaycanın özəl bankları sırasında liderliyini qoruyub saxlamağa müvəffəq olub», - deyə C.Quliyev bildirib.
Tədbirdə həmçinin bankın Müştəri xidmətləri Departamentinin direktoru Cahangir Axundov «Bank Standard»ın ötən il ərzində beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığı, cəlb olunmuş vəsaitlərin istifadəsi, filial şəbəkənin genişləndirilməsi barədə ətraflı məlumat verib.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan və Azərbaycanın ən iri kommersiya bankı olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR