Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu ilin fevral ayından etibarən 2-illik, apreldən isə 3-illik istiqrazların yerləşdirilməsi nəzərdə tutulub. İl ərzində 2-illik istiqrazların yerləşdirilməsi üçün nəzərdə tutulmuş həcm 50 mln. manat təşkil edir ki, həmin həcmdə 3-illik istiqrazların da yerləşdirilməsi planlaşdırılır. Ümumilikdə, DQİ-lərin dövriyyə müddəti və yerləşdirmə ayları üzrə təsnifatı aşağıdakı kimidir:
Göründüyü kimi, aylar üzrə bölgü təxminən bərabərdir, bu da maliyyə bazarının, o cümlədən tələbatın il ərzində təxminən eyni səviyyədə olduğunu nəzərdə tutur. Azərbaycanda bir ildən artıq dövlət istiqrazları açıq bazara hələ ki buraxılmayıb, bunun da əsas səbəbi bazarda uzunmüddətli qiymətli kağızlara tələbatın olmaması ilə bağlıdır. Maliyyə Nazirliyi hesab edir ki, artıq bazarda uzunmüddətli dövlət istiqrazlarına tələbat yetişib və 2009-cu ilin planlarına həmin qiymətli kağızların emissiyası daxil edilib.
Qeyd edək ki, hazırda bazarda yerləşdirilən dövlət istiqrazları üzrə gəlirlik dövriyyə müddətindən asılı olaraq fərqlidir. Belə ki, 1-aylıq istiqrazlar üzrə illik gəlirlik 4,9%, 3-aylıq istiqrazlar üzrə 5,7%, yarımillik istiqrazlar üzrə 7%, 1-illik istiqrazlar üzrə isə 8,7% təşkil edir. Beləliklə, müddət artvıqca gəlirlik də yüksəlir, bu da təbii haldır, çünki investorlar daha uzunmüddətli sərmayələri üzrə daha yüksək gəlirlik tələb edir.
Eyni zamanda, son vaxtlar DQİ üzrə tələbatın potensialdan aşağı olduğunu etiraf etmək lazımdır və iki və üç illik istiqrazlar üzrə tələbatın təmin edilməsi üçün gəlirlik müəyyən dərəcədə yüksək olmalıdır.
Yanvarda faktiki yerləşdirilmiş istiqrazların və nəzərdə tutulmuş cədvəlin göstəriciləri müqayisə etdikdə aydın olur ki, elan olunmuş emissiyanın həcmi 81 mln. manat (bu il üçün nəzərdə tutulan göstəriciyə uyğun) təşkil etdiyi halda, yerləşdirmənin həcmi 34,3 mln. manata bərabər olub. Yəni, elan olunmuş emissiyanın 42%-i yerləşdirilib.
Qeyd edək ki, 2008-ci ildə Maliyyə Nazirliyi tərəfindən DQİ-lərin yerləşdirilməsi üzrə 63 hərrac keçirilib, elan olunmuş buraxılışların həcmi 393 mln. manat, yerləşdirilmiş istiqrazların həcmi 271,5 mln. manat (69,1%) təşkil edib.