Bank Of Baku

Maliyyə böhranı nəticəsində amerikalılar 20% kasıblayıb

Maliyyə böhranı nəticəsində amerikalılar 20% kasıblayıb
# 13 fevral 2009 13:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən dərc olunan məruzəyə əsasən, 2007-ci ilin dekabr ayından 2008-ci ilin oktyabr ayına kimi ölkə əhalisi onlara məxsus olan aktivlərin 20%-ni itirib. «APA-Economics»in məlumatına görə, məruzədə əks olunan hesablamalar daşınmaz əmlak və qiymətli kağızlar bazarının göstəriciləri və sahibkarlıqdan əldə olunan gəlirlər əks olunub.
Qeyd edək ki, ötən ilin oktyabrından maliyyə böhranı artıq iqtisadi böhrana çevrilib, yəni real sektor və istehlak bazarına keçərək, istehsalın və əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olub. Bununla bağlı, oktyabrdan sonrakı müddəti əhatə edəcək növbəti məruzədə daha mənfi göstəricilərin əks olunacağı gözlənilir, çünki ABŞ-ın makroiqtisadi göstəriciləri aybaay pisləşir. Məsələn, ölkənin pərakəndə ticarət şəbəkəsindən satışın həcmi son 6 ay ərzində enir; fevralın ilk həftəsi ərzində 4,8 mln. nəfər işsizlik üzrə müavinət alıb, ümumilikdə isə il ərzində ölkədə 2,6 mln. iş yeri bağlanıb; yanvarda yerli avtomobillərin satışı təxminən 50% azalıb; daşınmaz əmlak bazarında qiymətlərin düşməsi inanılmaz sürət alıb və ölkə üzrə orta qiymət indeksi ötən ilin sonuncu rübündə 12% enib.
Qeyd edək ki, daşınmaz əmlak bazarı üzrə göstəricilər iqtisadçılar arasında xüsusi narahatlığa səbəb olub. Belə ki, bazarda satışın və qiymətlərin azalması ipoteka kreditləri üzrə faiz dərəcələrinin tarixi minimal səviyyədə olması və hər həftə endirilməsi şəraitində baş verir. Məsələn, 30-illik kreditlər üzrə faiz dərəcəsi bu həftə 5,25%-dən 5,16%-dək enib. Bundan başqa, kredit öhdəliklərinin yerinə yetirmədiyinə görə hərraclara çıxarılan mənzillərin sayı hər ay artır. Bunların hamısı ölkədə alıcılıq qabiliyyətinin kəskin azaldığını göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR