Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, göstərilən həcmdən 1 455 170,8 min dollar banklar tərəfindən aparılan alış əməliyyatları, 4 967 710,7 min dollar isə satış əməliyyatlarının payına düşür. Yəni, əhali tərəfindən alınan nağd dolların həcmi dolların satışını 3,4 dəfə üstələyir.
Ümumilikdə, nağd dollar bazarının artımı son illər tendensiya xarakteri alıb (əməliyyatların istiqaməti bank mövqeyindən göstərilir):
Göründüyü kimi, əhali tərəfindən nağd dolların alışının artım tempi satış üzrə eyni göstəricini üstələyir. Mütləq göstəricilərlə birlikdə bu, Azərbaycanda əhalinin nağd dolların alışına meyli olduğunu sübut edir. Bu da öz növbəsində əsasən üç səbəblə bağlıdır. İlk növbədə dollar əhali tərəfindən yığım məqsədi ilə alınır ki, həmin proses əhalinin yığım qabiliyyətini, yəni gəlirlərinin xərclərini üstələməsini əks etdirir. İkincisi, pərakəndə idxalın həyata keçirilməsi üçün də nağd dolların alınması zəruridir. Bundan başqa, xaricə ticarətlə bağlı olmayan məqsədlərlə yollanan şəxslər də nağd dollar bazarında alıcı qismində çıxış edirlər. Əlavə olaraq, məzənnə dəyişkənliyinə görə ölkədaxili hesablaşmalarda ənənəvi olaraq dollarda ifadə olunan malların alınması məqsədi ilə istifadə edilən nağd dollar da müəyyən paya malikdir.