Bank Of Baku

Azərbaycanda 2010-cu il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlər davam edir

Azərbaycanda 2010-cu il dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı işlər davam edir
# 16 fevral 2009 08:05 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyinin geniş kollegiya iclasında 2010-cu il dövlət büdcəsi və sonrakı üç il üçün icmal büdcəsi layihələrinin hazırlanması ilə bağlı məsələlər müzakirə olunub.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, növbəti il üçün dövlət büdcəsi layihəsinin hazırlanması ilə bağlı qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn vəzifələrin icrası normal gedir. Büdcə layihələrinin hazırlanması ilə bağlı Nazirlər Kabineti tərəfindən 2009-cu il yanvarın 30-da sərəncam imzalandığını, qarşıda duran vəzifələrə dair 29 bənddən ibarət tədbirlər planı təsdiq edilib. Eyni zamanda, kollegiyada 2008-ci il dövlət büdcəsinin icrası haqqında geniş müzakirələr aparılıb və bildirilib ki, bununla bağlı maliyyə orqanlarının qarşısında duran vəzifələr ümumən yerinə yetirilib.
Nazir müavini Azər Bayramovun məruzəsində qeyd olunub ki, ötən il bütün zəruri xərclərin maliyyələşdirilməsi Maliyyə Nazirliyi tərəfindən tam təmin edilib. Nazir müavininin fikrincə, dünyada baş verən maliyyə-iqtisadi böhran Azərbaycanı ciddi sınaq qarşısında qoysa da, hökumətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində böhranın mənfi təsirləri 2008-ci ildə milli iqtisadiyyatda hiss olunmayıb. Müzakirələr zamanı əvvəlki illərin büdcə layihələrinin tərtibi işlərində rayon və şəhər maliyyə orqanları tərəfindən bır sıra nöqsanlara yol verildiyi də vurğulanıb. Regionlardakı maliyyə orqanları rəhbərlərinə işlərində ciddi dönüş yaradılması üçün tapşırıqlar verilib.
Toplantıda müzakirə olunan məsələlərdən biri də fevralın 9-da ölkə prezidenti tərəfindən «Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında» imzalanan fərmandan irəli gələn vəzifələrin icrası olub. Xatırladaq ki, fərmana əsasən, Maliyyə Nazirliyinin tərkibində və yanında bir neçə yeni qurum yaradılıb: Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Dövlət Maliyyə Nəzarəti Xidməti, Dövlət Sığorta Nəzarəti Xidməti, Dövlət Xəzinədarlığı Agentliyi, Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti. Yeni icra orqanlarının yaradılmasının məqsədi dövlət büdcəsi vəsaitinin və dövlət borcunun idarə edilməsi, dövlət xəzinədarlığı, dövlət maliyyə, əyar, sığorta fəaliyyəti, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət nəzarətinin və tənzimlənməsinin müasir tələblərə uyğun təşkilini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR