Bank Of Baku

Bakıda «İpoteka və sığorta: Beynəlxalq təcrübə və Azərbaycan praktikası» mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda «İpoteka və sığorta: Beynəlxalq təcrübə və Azərbaycan praktikası» mövzusunda beynəlxalq konfrans keçirilir
# 16 fevral 2009 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Dünya Bankı Qrupunun (WBG) üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə «İpoteka və sığorta: Beynəlxalq təcrübə və Azərbaycan praktikası» mövzusunda beynəlxalq konfrans işə başlayıb.
«APA-Economics»in məlumatına görə, konfransın əsas məqsədi Azərbaycanın sığorta və ipoteka bazarı haqqında ictimaiyyəti, habelə bu sahədə fəaliyyət göstərən şirkət nümayəndələrini məlumatlandırmaq, beynəlxalq ipoteka kreditləşməsi risklərinin sığortalanması xidmətləri bazarında mövcud təcrübə ilə bağlı biliklərini təkmilləşdirmək, təcrübə mübadiləsi aparmaq və məsələ ilə bağlı sığortaçıların iş görüşmələrini və tərəfdaş münasibətlərini genişləndirməkdir.
Tədbirdə çıxış edən IFC-nin Bakı ofisinin daimi nümayəndəsi xanım Aliyə Əzimova qeyd edib ki, sığorta sahəsi maliyyə sektorunun sağlamlığında mühüm rol oynayır və bu cür tədbirlərin keçirilməsi Azərbaycanın maliyyə bazarında fəaliyyət göstərən şirkət və təşkilatların təcrübəsini artırır: «İpoteka bazarının inkişafında sığortanın rolunu və mövqeyini nəzərə alsaq, bu tədbir Azərbaycan sığorta şirkətlərinə qabaqcıl beynəlxalq təcrübə ilə daha yaxından tanış olmalarına və nəticədə ipoteka bazarının kreditorları və borcalanları ilə daha səmərəli əməkdaşlıq etmələrinə imkan verəcək».
Konfransda çıxış edən İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Azərbaycandakı nümayəndəsi xanım Nailə Səfərova vurğulayıb ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ilkin ipoteka bazarının inkişafı layihəsini maliyyələşdirən SECO üçün bu sahə, habelə ümumiyyətlə maliyyə sahəsi prioritet sayılır.
Tədbirdə çıxış edən ASA-nın prezidenti Cəmil Məlikov isə qeyd edib ki, ipoteka kreditləşməsi həm kreditor, həm də borcalanlar üçün böyük risklər yaradır. Bunun üçün Assosiasiya Azərbaycanda fəaliyyət göstərən sığortaçılara bu sahəni mümkün qədər inkişaf etdirmək üçün müraciət edib: «Biz həyat sığortası və risk sığortası kimi son dərəcə əhəmiyyətli ipoteka sığortası məsələlərini müzakirə etmək məqsədilə bütün yerli bazar iştirakçıları və beynəlxalq ekspertləri bir yerə toplaya bilmişik. Ümid edirəm ki, biz beynəlxalq praktikadan istifadə edib bu sahəni daha da inkişaf etdirəcəyik».
Konfransda çıxış edən Azərbaycan Maliyyə Nazirliyi dövlət sığorta nəzarəti şöbəsinin rəisi Namik Xəlilov bildirib ki, Azərbaycanda ipoteka bazarı gənc sahə olsa da, artıq müəyyən təcrübə toplanıb. Lakin mövcud təcrübəni artırmaqla bu sahəni daha da inkişaf etdirmək lazımdır: «Ümumiyyətlə, ipoteka kreditləşməsində əmlak, əmək qabiliyyəti, həyat, dəyərdən düşmə və bir sıra digər risklər mövcuddur. Məhz bu səbəbdən ipoteka kreditləşməsində sığorta sahəsinə böyük ehtiyac var ki, biz bir sıra ölkənin təcrübəsi ilə tanış olacağıq».
Tədbirdə sığorta sahəsinin vacibliyindən danışan dövlət sığorta nəzarəti şöbəsinin rəis müavini Elşad Məmmədov isə ötən il ərzində Azərbaycanın sığorta bazarının vəziyyətindən məlumat verib və qeyd edib ki, 2008-ci ildə ölkə üzrə ümumilikdə 179,76 mln. manat məbləğində sığorta haqqı yığılıb. Bu da, 2007-ci illə müqayisədə 21,3% və ya 31,26 mln. manat çoxdur.
Bundan başqa, tədbirdə Azərbaycanın «AzRe» təkrarsığorta şirkəti İdarə Heyətinin sədri Cinqiz Mehdiyev «Bank və sığorta şirkətlərinin əməkdaşlığı. Azərbaycan təcrübəsi» adlı təqdimatla, həmçinin «Gen Re» Köln təkrarsığorta cəmiyyətinin Rusiya və MDB nümayəndəliyinin direktoru xanım Kapitolina Turbina «İpoteka kreditləşməsində hüquqi və normativ idarəetmənin sığortası» təqdimatı ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR