Hesabat ilində nağd avro bazarında 767 561,9 min avro məbləğində satış (bank mövqeyindən), 58 940,6 min avroluq alış əməliyyatları aparılıb. Beləliklə, ümumi nağd avro bazarının 92,9%-i satış, qalan 7,1%-i isə alış əməliyyatlarının payına düşür. Həmin nisbət 2007-ci ildə müvafiq olaraq 97,2% və 2,8% təşkil edib. Yəni, ötən il əhali tərəfindən nağd avronun alışı satışın həcmini 13 dəfə üstələyib:
Cədvəldən göründüyü kimi, nağd avro bazarında əhali tərəfindən alışın satışı üstələməsindən başqa, nağd avro bazarının ümumi həcminin ilbəil kəskin artması müşahidə olunur. Eyni zamanda vurğulamaq lazımdır ki, avronun alınmasının artım tempi satış üzrə eyni göstəricini üstələyir.
Bütün bu amillər ilk növbədə Avrozonadan pərakəndə idxalın artımı ilə bağlıdır, çünki dollardan fərqli olaraq, avro Azərbaycanda hələ də yığım valyutası kimi qəbul olunmur və ölkədaxili hesablaşmalarda əhəmiyyətlə yer tutmayıb. Yəni, avro əhali tərəfindən əsasən Avropadan ticarət və ya istehlak məqsədləri ilə malların gətirilməsi üçün alınır.