İqtisadiyyatın qeyri-neft sahələrində əvvəlki ilin eyni dövrü ilə müqayisədə əlavə dəyərin 2,8% artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi isə 2008-ci ildəki 35,6%-dən 47,9%-dək artıb. ÜDM-in 42,1%-i neft-qaz sektorunda istehsal olunub, 10%-i isə məhsula və idxala xalis vergilərin payına düşüb.
Yanvar ayında sənayedə 872,7 mln. manatlıq, yaxud ÜDM-in 46,8%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 66,3 mln. manatlıq (3,6%), tikintidə 92,2 mln. manatlıq (5%), nəqliyyatda 163,5 mln. manatlıq (8,8%), rabitədə 40 mln. manatlıq (2,2%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 202,8 mln. manatlıq (10,9%), mehmanxana və restoranlarda xidmətin göstərilməsi sahəsində 25,8 mln. manatlıq (1,4%), sosial və digər xidmətlər sahəsində isə 211,1 mln. manatlıq (11,3%) əlavə dəyər yaradılıb.
Qeyd edək ki, son illər ərzində ilk dəfə olaraq yanvar ayında ÜDM-in azalması 2008-ci ilin əvvəli ilə müqayisədə dünya bazarında neftin qiymətinin 2 dəfədən çox düşməsi, ötən ay qeyri-iş günlərinin çox olması, mövsümi və s. amillərlə bağlıdır.
Əlavə edək ki, hesabat ayında Azərbaycan iqtisadiyyatında məhsul istehsalı 6% azalıb (xüsusən, sənaye, tikinti sektorları), xidmətlərin həcmi isə 4,9% artıb.