Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yanvarda xidmət tarifləri 2008-ci ilin dekabr ayının səviyyəsində qalıb.
Hesabat ayında 2008-ci ilin yanvarına nisbətən istehlak mallarının qiymətləri və xidmət tarifləri 11,9%, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,5%, qeyri-ərzaq mallarının qiymətləri 8,9%, xidmət tarifləri isə 7,7% bahalaşıb. Yanvar ayında ərzaq məhsullarından kərə yağı, ət, pendir, yumurta, buğda çörəyi, kartof, soğan, kələm, xiyar, pomidor, almanın qiyməti düşüb.
Qeyri-ərzaq mallarından isə geyim, ayaqqabı, taxta-şalban, sement, tikinti kərpici, mebelin qiyməti ucuzlaşıb.
İstehlak mallarının qiymətləri və xidmət tarifləri
| 2009-cu ilin yanvar ayı 2008-ci ilin dekabr ayına nisbətən | 2009-cu ilin yanvar ayı 2008-ci ilin yanvar ayına nisbətən |
Cəmi mal və xidmətlər üzrə | 99,4 | 111,9 |
Ərzaq məhsulları, içkilər, tütün | 99,0 | 114,5 |
Qeyri-ərzaq malları | 99,7 | 108,9 |
Xidmətlər | 100,0 | 107,7 |
Qeyd edək ki, 2008-ci il üçün Azərbaycan hökuməti inflyasiyanı 18%, Beynəlxalq Valyuta Fondunun ekspertləri isə 20% səviyyəsində proqnozlaşdırsa da, inflyasiyanın səviyyəsi faktiki olaraq 20,8% təşkil edib. Cari ildə isə hökumət inflyasiyanın 12-14% səviyyəsində olacağını proqnozlaşdırır. Dövlət Statistika Komitəsinin proqnozlarına görə, 2009-cu ilin sonunda ölkədə nəinki bir rəqəmli inflyasiya, hətta deflyasiya müşahidə oluna bilər.