Qeyd edək ki, bu əmsal 2007-ci ilin yekununda 6,1-ə bərabər olub:
Pul tədavülü əmsalının tendensiyası iqtisadiyyatda ölkənin emissiya olunan pula tələbatının dinamikasını əks etdirir və bir pul vahidi tərəfindən yaradılan ÜDM-in həcmini göstərir. İnkişaf etmiş ölkələrdə bu əmsal 1,2-1,8 təşkil edir.
Qeyd edək ki, pul tədavülünü xarakterizə edən digər əmsal - kassa dövriyyəsinin pul kütləsinə nisbəti ötən ilin yekunlarına görə 3,5-ə bərabər olub ki, bu da onu göstərir ki, il ərzində bir pul vahidi neçə dəfə dövr edərək bank kassasına qayıdır. Aydındır ki, əmsalın yüksək olması iqtisadiyyatda qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli pul-əmtəə tədavülünün göstəricisidir. Eyni zamanda, pul tədavülü əmsalının yüksək olması həmçinin ölkədə nağd hesablaşmalara üstünlük verilməsi ilə bağlıdır.
Digər tərəfdən etiraf olunmalıdır ki, Azərbaycanda son 10 ildə pul tədavülü sahəsində mühüm sağlamlaşma tendensiyaları yaranıb. Belə ki, sözügedən əmsal bu müddət ərzində təxminən 2,2 dəfə azalıb. Bu, xüsusən o səbəbdən əhəmiyyətlidir ki, son illərdə Azərbaycanda ÜDM-in artımı həddindən artıq yüksək olub. Yəni, pul kütləsinin artım tempi həmin artımı üstələyib. Öz növbəsində bu proses iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun, orta və kiçik sahibkarlığın pula olan tələbatının ödənilməsi tələbindən irəli gəlir. Yəni, pul tədavülü əmsalı dünya praktikasında norma kimi hesab olunan göstəricilərdən dəfələrlə üstün olsa da, eyni zamanda son illər kəskin azalmaqdadır. Bu da makroiqtisadi sabitlik və iqtisadiyyatın pula olan tələbatının ödənilməsi baxımından çox müsbət hal kimi qiymətləndirilməlidir.