Bank Of Baku

«Debut Bank» və «Birlik Bank» kredit öhdəliklərini yerinə yetirmir

«Debut Bank» və «Birlik Bank» kredit öhdəliklərini yerinə yetirmir
# 25 fevral 2009 09:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Debut Bank» və «Birlik Bank» Səhmdar Kommersiya Bankları «Azərbaycan Sənaye Bankı» (ASB) qarşısında mövcud kredit öhdəliklərini yerinə yetirmir.
ASB-dən «APA-Economics»ə verilən məlumata görə, borcların ödənilməməsi faktı ilə bağlı ASB müvafiq iddia ilə iqtisad məhkəməsinə müraciət edib. Məhkəmə hər iki bankın öz borclarını ödəməsi ilə bağlı yekun qərar çıxarmasa da, banklar arasında artıq müəyyən razılıq əldə olunub.
ASB-dən bildirilib ki, öhdəliyin yerinə yetirilməsi üçün «Debut Bank»ın bütün bank hesablarına həbs qoyulub.
Qeyd edək ki, qarşı tərəfin mövqeyini öyrənmək məqsədi ilə «Debut Bank» SKB-nin İdarə Heyətinin sədri Faiq Səmədovla əlaqə saxlasaq da, sədr artıq işdən azad olunduğunu bildirib. Daha sonra bankın İdarə Heyətinin sədr müavini Zöhrab Novruzov və digər səlahiyyətli nümayəndələrə edilən telefon zənglərinə cavab verilmədiyi üçün məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Xatırladaq ki, «Birlik Bank»la ASB arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, 2008-ci ilin əvvəlində tərəflər arasında 1 aylıq banklararası kredit müqaviləsi imzalanıb. Sonradan bu müqavilə daha 3 ay müddətinə uzadılıb. Lakin ötən ilin aprel ayından «Birlik Bank» tərəfindən öhdəlik üzrə ödəniş aparılmır. «Debut Bank»a gəldikdə isə, ASB ilə bu bank arasında bağlanmış kredit müqaviləsinin müddəti 3 ay olub. Lakin «Debut Bank» da 2008-ci ilin oktyabr ayından kredit öhdəliyini yerinə yetirmir.
Xatırladaq ki, ASB 1996-cı ildə «CIBank» kimi fəaliyyətə başlayıb və brendini 2006-cı ilin sonunda dəyişib. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 78,029 mln. manat, depozit portfeli 32,560 mln. manat, kredit portfeli 36,101 mln. manat, məcmu kapitalı 16,142 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 19 bankomatı və 187 POS-terminalı fəaliyyət göstərir.
Təsisçisi dörd fiziki şəxs olan «Debut Bank» 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə aktivlərinin həcmi 31,505 mln. manat, depozit portfeli 918 min manat, kredit portfeli 27,202 mln. manat, məcmu kapitalı 10 mln. manat, o cümlədən nizamnamə kapitalı 8,750 mln. manat təşkil edib. Bankın respublika üzrə 7 filialı, 31 mübadilə məntəqəsi, 7 bankomatı və 85 POS-terminalı mövcuddur.
Təsisçisi 20 yerli fiziki şəxs olan «Birlik Bank» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bakın aktivlərinin həcmi 40,637 mln. manat, depozit portfeli 0,925 mln. manat, kredit portfeli 28,626 mln. manat, məcmu kapitalı 18,099 mln. manat, o cümlədən nizamnamə kapitalı 16 mln. manat təşkil edib. Bankın hazırda respublika üzrə 3 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR