Bank Of Baku

«MBASK» şirkəti Azərbaycanda ilk dəfə mənzil və avtomobilin kompleks sığortası üzrə xidmət göstərməyə başlayıb

«MBASK» şirkəti Azərbaycanda ilk dəfə mənzil və avtomobilin kompleks sığortası üzrə xidmət göstərməyə başlayıb
# 25 fevral 2009 12:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti «Sərfəli Sığorta» proqramı çərçivəsində müştərilər üçün «Rahat» və «Dəyər» adlı təkliflər paketləri hazırlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «MBASK» bu sığorta xidmətlərini Avropa sığortaçılarının təcrübəsinə əsaslanaraq hazırlayıb və bu məhsul Azərbaycan sığorta bazarında ilk dəfə tətbiq olunur.
Bu paketlər vasitəsi ilə müştərilər öz yaşayış mənzilini cəmi 50 manata və ya 150 manata avtomobil və mənzilini birlikdə sığortalaya bilərlər. «Dəyər» paketi avtomobil və mənzilin kompleks sığortası yeni «Ekspres-paketi»ni özündə birləşdirir. Daşınmaz əmlak sığortası xidməti olan «Rahat» paketi isə daşqın, yanğın və partlayış kimi risklərdən sığorta ilə təmin edir. «Bu məhsullar xüsusi olaraq sığortanın üstünlüyünü dərk edən və öz əmlakını sığorta etdirmək arzusunda olan, bunun müqabilində isə külli miqdarda vəsait sərf etmək istəməyən müştərilər üçün nəzərdə tutulub», - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, sərfəli qiymətlərdən başqa, şirkətin təklif etdiyi xidmətlərin əsas xüsusiyyəti ondan ibarətdir ki, avtomobil və mənzilə ilkin baxış keçirməməklə, müştərinin şifahi məlumatına əsaslanaraq sığorta etdirmək mümkündür. Bu yenilik sığorta müqaviləsinin bağlanmasında müştərinin vaxtına əhəmiyyətli dərəcədə qənaət edəcək, eləcə də əmlakın sığorta nümayəndələri tərəfindən baxılması ilə bağlı gündəlik narahatçılıqları aradan qaldıracaq.
Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (30%) və fiziki şəxslər çıxış edir. Şirkətin 2008-ci ildə topladığı sığorta haqlarının həcmi 18,55 mln. manat, ödənişləri isə 5,96 mln. manat olub. «APA-Economics»in sığorta şirkətləri üzrə hazırladığı renkinqdə «MBASK» daxilolmalar və ödənişlər üzrə ikinci yeri tutub. Ötən il ərzində məcmu daxilolmalar üzrə şirkətin xüsusi çəkisi 10,3%, ödənişlər üzrə isə 12% təşkil edib.
Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR