Bank Of Baku

«VTB-Azərbaycan» bu il nizamnamə kapitalı və aktivlərini 3 dəfə artıracaq

«VTB-Azərbaycan» bu il nizamnamə kapitalı və aktivlərini 3 dəfə artıracaq
# 25 fevral 2009 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Rusiyanın «Vneştorqbank»ının (VTB) Azərbaycanda törəmə qurumu olan «VTB-Azərbaycan» Səhmdar Kommersiya Bankı 2009-cu ilin sonunadək nizamnamə kapitalını 3 dəfə artırmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu «VTB-Azərbaycan»ın İdarə Heyətinin sədri Ruslan Məhəmmədli bildirib.
R.Məhəmmədlinin sözlərinə görə, ötən ilin dekabrın 4-də VTB Azərbaycanın «AF Bank»ının nəzarət səhm paketinin (51%) alınmasına dair prosesi başa çatdırıb, cari ilin fevralın 18-də isə «VTB-Azərbaycan» ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olub: «Dünən isə Azərbaycan Vergilər Nazirliyi bankın redaktə olunmuş yeni nizamnaməsini qeydiyyatdan keçirib ki, burada fəaliyyət göstərən nümayəndəlik «VTB-Azərbaycan» ASC adını daşıyır».
R.Məhəmmədli həmçinin bildirib ki, «VTB-Azərbaycan» ASC-nin iddialı planları var: «Biz yaxın 3 il ərzində Azərbaycanın aparıcı bankları siyahısına daxil olmaq niyyətindəyik. Gələn il ərzində isə müştərilərə yeni məhsullar təklif edəcəyik ki, bunlardan biri biznesin maliyyələşdirilməsi ilə bağlıdır. Ümumiyyətlə, biz bütün bank xidmətlərini göstərəcəyik».
R.Məhəmmədli onu da qeyd edib ki, «VTB-Azərbaycan»ın artıq bu ilin ilk yarısında fəaliyyətə başlayacağı gözlənilir və hazırda bu məsələ Rusiyada müzakirə olunur.
«Bankın 2009-cu il üçün biznes planı təsdiq olunub, lakin biznes plana yenidən baxılaraq təsdiqlənəcəyi gözlənilir. Hazırda «VTB-Azərbaycan»ın nizamnamə kapitalı 10 mln. manat təşkil edir ki, 2009-cu ilin sonunadək əlavə səhm emissiyası buraxılaraq nizamnamə kapitalı 3 dəfə artırılacaq», - deyə R.Məhəmmədli bildirib.
İdarə Heyəti sədrinin sözlərinə görə, hazırda «VTB-Azərbaycan» ASC-nin aktivləri 15 mln. dollar təşkil edir və bu ilin sonunadək aktivlərin də 3 dəfə artırılacağı gözlənilir.
Qeyd edək ki, «AF Bank» Azərbaycan Milli Bankı (AMB) tərəfindən 1993-cü ilin sentyabr ayının 22-də dövlət qeydiyyatına alınmış «Kontinent Bank» Səhmdar Bankının bazasında yaradılıb və onun hüquqi varisidir. «AF Bank» olaraq təşkilat 2002-ci ilin dekabr ayında fəaliyyətə başlayıb və 2003-cü ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR