Bank Of Baku

Azərbaycan iqtisadiyyatının monetləşmə əmsalı 16%-ə çatıb

Azərbaycan iqtisadiyyatının monetləşmə əmsalı 16%-ə çatıb
# 26 fevral 2009 11:26 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsinin ÜDM-ə nisbətini əks etdirən iqtisadiyyatın monetləşmə əmsalı 2008-ci il üzrə 16% təşkil edib.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin yekunlarına görə ÜDM-in həcmi 38,006 mlrd. manata, bu ilin yanvarın 1-nə pul kütləsinin M2 aqreqatının həcmi isə 6,081 mlrd. manata bərabər olub. Bu əmsal, son illərdə artmasına baxmayaraq, 2008-ci ildə əvvəlki ilin göstərici ilə müqayisədə bir qədər düşüb:




Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu əmsal 90-120% təşkil edir, inkişafda olan ölkələr üçün bu əmsal 70%-dən aşağı olmamalıdır, lakin əksər ölkələr bu göstəriciyə nail ola bilmir.
İqtisadiyyatın monetləşmə əmsalı iqtisadiyyatın pulla təmin olunması səviyyəsini əks etdirir. Monetləşmə əmsalı iqtisadiyyatda pul kütləsinin nisbətinin çox və ya az olmasını əks etdirərək, pul kütləsinin artırılması və ya azaldılması zəruriliyini göstərir. Yəni, əmsal normal hesab olunan rəqəmdən az olduğu halda, pul kütləsinin artırılması vacibdir. Lakin hesab olunur ki, pul kütləsinin artması inflyasiyanı stimullaşdırır. Qeyd edək ki, bu, yalnız qeyri-sağlam iqtisadiyyata, o cümlədən qeyri-sağlam maliyyə sektoruna malik olan iqtisadiyyatlara aid edilə bilər. Beləliklə, pul kütləsinin maliyyə sektoru, o cümlədən real iqtisadiyyata kreditlərin və sərmayələrin artırılması yolu ilə genişləndirilməsi istehsalın artmasına, istehsalın maya dəyərinin aşağı salınmasına və nəticədə, istehsal qiymətlərinin enməsinə səbəb olacaq.
Digər vacib makroiqtisadi göstərici olan inflyasiyanın səviyyəsi də mühüm rol oynayır, yəni, aşağı inflyasiya və ya deflyasiya olduğu halda, pul kütləsinin artırılması və eyni zamanda monetləşmə əmsalının artması təhlükəsiz hesab oluna bilər. O cümlədən, hazırda müşahidə olunan dünya iqtisadi böhranı şəraitində bu il Azərbaycana inflyasiyanın idxalı gözlənilmir və bu səbəbdən pul kütləsinin artım tempinin yüksəldilməsi məqsədəuyğun ola bilər.
Qeyd edək ki, pul kütləsinin digər dolayı nəticəsi manatın əsas dünya valyutalarına qarşı ucuzlaşması ola bilər, bu isə dövlətin yeritdiyi siyasət baxımından fayda verə bilər, çünki bu, dollar ifadəsində azalan neft gəlirlərinin manat ifadəsinə müsbət təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR