Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycanda uçot dərəcəsi iqtisadiyyatın canlanması üçün azaldılıb»

Elman Rüstəmov: «Azərbaycanda uçot dərəcəsi iqtisadiyyatın canlanması üçün azaldılıb»
# 27 fevral 2009 13:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul-kredit siyasətinin əsas məqsədi kommersiya banklarının mərkəzləşdirilmiş kreditlər cəlb etməsində borc yükünü azaltmaqdır. «APA-Economics»in məlumatına görə, bu fikri söyləyən Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, hazırda banklarda mövcud olan və yarana biləcək likvidlik problemlərinin aradan qaldırması prosesi çərçivəsində banklara artıq fərdi şəkildə dəstək göstərilir və zərurət yarananda Milli Bank bu dəstəyi verməyə hazırdır.
Xatırladaq ki, AMB-nin qərarı ilə 2009-cu ilin mart ayının 2-dən etibarən uçot dərəcəsi 5%-dən 3%-ə, faiz dəhlizinin yuxarı həddi isə 10%-dən 8%-ə, həm manat, həm də xarici valyutada məcburi ehtiyat normaları isə 3%-dən 0,5%-ə endirilib. Nəticədə, ötən ilin oktyabr ayından bu ilin fevralın 2-dək mərkəzi bank uçot dərəcəsini mərhələlərlə 15%-dən 5%-dək azaldıb.
Bu prosesi ətraflı şərh edən E.Rüstəmov vurğulayıb ki, pul-kredit siyasətinin yumşaldılması ilə bağlı son qərarın qüvvəyə minməsi nəticəsində (əsasən, bu ehtiyat normalarının endirilməsinə aiddir) bank sisteminə əlavə təxminən 120 mln. manat həcmində likvidlik verilir. Qeyd edək ki, əvvəlki endirimləri nəzərə alaraq bu göstərici 650 mln. manata yaxındır.
Milli Bankın uçot dərəcəsinin bankların kredit faizlərinə təsirinə gəldikdə isə, E.Rüstəmov hesab edir ki, bu əlaqəni birbaşa qurmaq və məsələni bu cür qoymaq düzgün deyil, çünki banklar öz kredit fəaliyyətini kommersiya münasibətləri əsasında cəlb olunan vəsaitlər hesabına həyata keçirir. Yəni, bankların cəlbetmələrinin əsasını xarici kreditlər və ölkə daxili depozitlər təşkil edir və nəticədə, kreditlər üzrə faizlər bu vəsaitlər üzrə faiz dərəcələrinə əsaslanır. «Bankların kreditlərinin faiz dərəcələrinin uçot dərəcəsi ilə birbaşa əlaqəsi yalnız mərkəzləşdirilmiş kreditlər iri miqdarda olduğu halda mövcud ola bilər. Hazırda isə mərkəzləşdirilmiş kreditlərin həcmi bankların ümumi kredit portfelindən cəmi 4%-ə yaxın təşkil edir», - deyə AMB sədri vurğulayıb.
Göründüyü kimi, uçot dərəcəsinin azaldılması daha çox yaxın gələcəyə yönəldilən bir addımdır və mərkəzləşdirilmiş kreditlərin, o cümlədən iqtisadiyyata ayrılan kreditlərin artması ehtimalını əks etdirir. E.Rüstəmovun sözlərinə görə, əgər dünyanın əksər ölkələri bu addımlara böhrana qarşı və təkcə bank likvidliyinin təmin edilməsi məqsədi ilə atırsa, Azərbaycanda bu, iqtisadiyyatın canlanması və artım məqsədi ilə həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR