Bank Of Baku

Kamran Heydərov: «Səbirsizliklə yeni ofisimizin açılışını gözləyirik ki, müştərilərimizi sevindirək»

Kamran Heydərov: «Səbirsizliklə yeni ofisimizin açılışını gözləyirik ki, müştərilərimizi sevindirək»
# 02 mart 2009 08:28 (UTC +04:00)
Ötən həftə «Bank of Azerbaijan» SKB biznes-kreditlər sahəsində ilin brendi seçilib və «Brand Award Azerbaijan-2008» mükafatına layiq görülüb. Bu mükafat il ərzində istehlakçılar arasında rəğbət qazanan və ən çox maraq doğuran şirkət və təşkilatların təqdim etdikləri məhsul və xidmətlərin ən tanınmış brendlərinə verilir. Mükafat, kütləvi tələbat məhsullarından tutmuş korporasiyaların imici və maliyyə xidmətlərinə qədər geniş spektrli brendlərin yaradılmasında əldə olunan nailiyyətləri nəzərə alır. Beləliklə, Xəzər İnteqrasiya İşgüzar klubu və «Caspian Energy» beynəlxalq media qrupu, Sənaye və Energetika, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri və Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin dəstəyi ilə təqdim edilən bu mükafata respublikanın ən inkişaf etmiş və etibarlı banklarından biri layiq görülüb.
«Bank of Azerbaijan»ın İdarə Heyətinin satış üzrə sədr müavini Kamran Heydərov «APA-Economics»ə müsahibəsində bankın yaxın gələcək üçün planları və 2009-cu ildə bankın inkişaf proqramı haqqında məlumat verib.

- Bu yaxınlarda «Bank of Azerbaijan»ın baş ofisi paytaxtın Rəşid Behbudov küçəsində yerləşən yeni müasir binaya köçəcək və bu, bankın müştərilərə xidmət göstərməsinə müsbət təsir göstərəcək. Gözlənilən köçmə və bununla əlaqədar olan dəyişikliklər barədə nə deyə bilərsiniz?

- İlk öncə qeyd etmək istərdim ki, yeni binaya köçmə haqqında qərarın qəbul olunmasının bir neçə səbəbi olub. Birincisi, bankın indiki ofisi həm xarici, həm daxili görkəmi ilə, xüsusən də nəfis interyeri ilə köhnə, konservativ ingilis bankını xatırladır, bu isə bankımızın müştərilərinin bütün kateqoriyaları üçün əlçatan və şəffaf olmasına əsaslanan strategiyası və missiyasına heç uyğun deyil.
Digər tərəfdən müştəri bazası və müvafiq olaraq biznes həcminin durmadan artması bank heyətinin genişləndirilməsi zərurəti yaradır. Əlbəttə, biznes proseslərinin avtomatlaşdırılması baş ofisin kadrlar potensiyalının təkmilləşdirilməsinin bir qədər təxirə salınmasına səbəb ola bilər, lakin bu, gec-tez mütləq reallaşmalıdır.
Yeni bina öz xarici cəlbedici görünüşü ilə yanaşı, ölkədə mövcud olan bank ofislərinin ən müasirlərindən biri olacaq, çünki onun inşası müştərilərə maksimal keyfiyyətli xidmətlərin göstərilməsi məqsədilə aparılıb, yəni burada binanın və avtomobillərin dayanacaq yerlərinin rahatlığından tutmuş, depozitari və VİP-müştərilərə xidmətin göstərilməsi üçün ayrılmış xüsusi otaqların yaradılmasınadək bütün şərait nəzərdə tutulub.
İnstitusional inkişaf baxımından bu köçmə bizim üçün biznesin aparılmasında müəyyən dəyişikliklərin həyata keçirilməsi üçün başlanğıc nöqtəsidir. Belə ki, yeni ofisdə bankın baş ofisi və mərkəzi filialı bir-birindən funksional cəhətdən təcrid olunacaq. Söz düşmüşkən, həmin binanın birinci mərtəbəsində yerləşəcək mərkəzi filialda bankın bütün müştərilərinə ən geniş spektrli xidmətlər göstəriləcək. Bir sözlə, biz səbirsizliklə yeni ofisin açılışını gözləyirik ki, bizim müştərilərimizi sevindirək.

- Bankda gözlənilən yeniliklər yəqin ki, yeni binaya köçməklə məhdudlaşmayacaq. Yaxın gələcəkdə bank keyfiyyətcə hansı yeni məhsullar təklif etmək niyyətindədir?

- Dünya maliyyə böhranının digər MDB ölkələrindən fərqli olaraq Azərbaycan iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir etməməsinə baxmayaraq, neftin qiymətinin düşməsi fonunda yaranan xoşagəlməz hallar, eləcə də, bəzi banklar tərəfindən beynəlxalq maliyyə institutlarından aldıqları xarici borcların ödənilməsində çətinliklərin mövcudluğu göz qabağındadır. Halbuki, yerli banklar bu çətinliklərin öhdəsindən bəzi hallarda hökumət tərəfindən göstərilən məntiqi kömək vasitəsilə gələcək, lakin əhali ümumiyyətlə bazara, xüsusilə də bank sektoruna ehtiyatla yanaşmağa davam edir. Bununla əlaqədar olaraq, bizim bank bu il ərzində bazara bir neçə yeni məhsul təqdim etməyi planlaşdırır ki, bunun sayəsində yəqin ki, əhalinin banka olan etimadı artacaq və maliyyə inamı güclənəcək. Artıq may ayına biz belə bir məhsulun təqdimatını planlaşdırırıq və mən əminəm ki, bu məhsul əhalini maraqlandıracaq. Bundan əlavə, bizim üçün çox böyük əhəmiyyət kəsb edən bankın cari müştərilərinə qarşı loyallıq proqramı üzərində iş aparılır. Məhsul xəttinə gəldikdə isə, bizim bugünkü təkliflərimiz, məsələn, depozit əmanətləri bazarda ən rəqabət qabiliyyətli məhsullardan biridir.

- Məlum olduğu kimi, bankınızın müştəri bazası ilbəil artır. Maliyyə böhranına baxmayaraq, bank rəhbərliyi dəfələrlə yüksək məqsədlər, o cümlədən yeni fərdi və korporativ müştərilərin cəlb olunması haqqında bəyanat yayır. Potensial müştərilərinizi gözləyən əsas təkliflər barəsində məlumat verə bilərsinizmi?

- İlk öncə qeyd edim ki, bankın bu il üçün əsas məqsədi institusional inkişaf məsələsidir. Biz daxili biznes proseslərinin tamamilə re-injinirinqini, yeni əməliyyatların işlənməsini, proqram təminatının yeniləşməsini, bankın əməkdaşları üçün treninqlərin keçirilməsini planlaşdırırıq. Başqa sözlə, bu il üçün nəzərdə tutulan əsas məqsədimiz bank işinin keyfiyyətinin və nəticə etibarı ilə müştərilərlə işin effektivliyinin artırılması, qabaqcıl bank texnologiyalarının tətbiqi və biznesin daha yüksək standartlara çatdırılmasıdır, bu isə müştərilərimizə daha keyfiyyətli xidmət göstərilməsinə imkan yaradacaq. Biz məhz keyfiyyətli xidmət göstərməklə müştərilərlə uzunmüddətli, etibarlı münasibətlərin əsasını qoymuş oluruq.

- Sizin bank əməkdaşlıq sahəsini və spektrini genişləndirərək beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlığı davam etdirir. Bu gün hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsiniz, hansılarla əməkdaşlığı planlaşdırırsınız və bu əməkdaşlığın mahiyyəti nədədir?

- Beynəlxalq maliyyə təşkilatlarının Azərbaycan bankları ilə əməkdaşlığının davam etməsinə baxmayaraq, etiraf etmək lazımdır ki, bu əməkdaşlığın miqyası bir qədər azalıb. Buna səbəb, şübhəsiz ki, dünya maliyyə böhranı olub. Və əgər biz bu müsahibə zamanı artıq ikinci dəfədir ki, bu böhran haqqında danışırıqsa, onun Azərbaycanın bank sektoruna olan təsirini nəzərə almamaq düzgün olmazdı. Azərbaycana olan ölkə limitlərinin azalması səbəbindən maliyyə təşkilatları tərəfindən maliyyələşdirmə həcmlərinin azalması, təqdim olunan maliyyələşdirmənin faiz dərəcələrinin yüksəlməsi, bütün bu amillər Azərbaycan banklarının dünya maliyyə bazarına inteqrasiyasını əngəlləyir. Təbii ki, bu prosesi tamamilə dayandırmaq mümkün deyil və «Bank of Azerbaijan» da bu baxımdan istisna deyil. Bizim bankda rəhbərliyin dəyişilməsi beynəlxalq maliyyə institutlarının bankımıza olan marağına müəyyən dərəcədə səbəb olub və hazırda bir neçə iri layihənin maliyyələşdirilməsi məqsədilə bir sıra xarici təşkilatla danışıqlar aparılır. Bu il həmçinin müxbir əlaqələr şəbəkəsini genişləndirmək, eləcə də xarici bankların inkişaf proqramlarında iştirak etmək planlaşdırılır.

- Bu gün «Bank of Azerbaijan» kifayət qədər geniş filiallar şəbəkəsinə malikdir – bankın müştərilərinə ölkə ərazisində fəaliyyət göstərən 18 filial xidmət göstərir. Yaxın gələcəkdə hansı regionlarda şəbəkənin genişləndirilməsi gözlənilir?

- Artıq qeyd etdiyim kimi, bu il bizim üçün prioritet məsələ bankın institusional inkişafı məsələsi durur və bu prosesin bir hissəsi kimi bankın satış kanallarının tam yenidən qurulması planlaşdırılır. Bu proses özündə bir sıra tədbirləri, o cümlədən kiçik filialların konsolidasiyası sayəsində filialların böyüməsini, onların iri iş sahələri ilə təmin olunmasını, filiallarda işin optimallaşdırılması və filialların baş ofislə qarşılıqlı əlaqəsinin yaxşılaşdırılmasını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR