Bank Of Baku

Ekspertlər: Yaxın gələcəkdə dolların bahalaşması davam edəcək

Ekspertlər: Yaxın gələcəkdə dolların bahalaşması davam edəcək
# 03 mart 2009 09:48 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ekspertlərin fikrincə, bu, investorlar tərəfindən ABŞ iqtisadiyyatına və maliyyə bazarına hələ də inamının qaldığını və həmin ölkənin böhrandan digərlərdən daha tez çıxacağına əmin olduğunu göstərir. İnvestorlar hesab edir ki, ABŞ-ın böhranla mübarizə sahəsindəki səyləri digər ölkələrinin gördüyü tədbirlərdən daha üstündür və bu, gec-tez öz bəhrəsini verəcək.
Dolların məzənnəsinin dəyişməsinin fundamental (uzunmüddətli və əsaslı) və ya bazar (qısamüddətli və dəyişkən) amilləri ola bilər. Fundamental amillərə ilk növbədə makroiqtisadi göstəricilər aid edilir. Bu baxımdan qeyd etmək lazımdır ki, ABŞ-da makroiqtisadi fon pisləşməkdədir. Belə ki, ötən ilin sonuncu rübündə ÜDM-in 7%-ə yaxın azalması, daşınmaz əmlak bazarı üzrə göstəricilərin enməsi, iri şirkətlərin biri-birinin ardınca zərər barədə məlumatlar açıqlaması və s. kimi xəbərlər heç də ölkə iqtisadiyyatının sağlamlaşması barədə xəbərlər kimi qəbul edilə bilməz. Buna görə, hazırda bütün ekspertlər dolların möhkəmlənməsinin fundamental amillərinin olmadığını vurğulayırlar. Bu sahədə yeganə müsbət amil kimi Amerika bank sisteminin sağlaşması planının tədricən aydınlaşması qeyd edilir. Belə ki, ekspertlərin fikrincə, ABŞ Xəzinədarlığı tərəfindən ona məxsus olan «Citigroup»un imtiyazlı səhmlərinin adi səhmlərə konvertasiyası və beləliklə bankın 36%-lik səhm zərfinə sahib çıxması barədə məlumatlar bazar iştirakçıları tərəfindən birmənalı qarşılanmasa da, hökumət bu sahədə addımlarının istiqamətlərini aydınlaşdırıb. Bank sistemində dövlət nəzarətinin kəskin artması əlaməti və yaxın gələcəkdə həmin ssenariyə uyğun ölkənin digər iri banklarının («Bank of America», «Wells Fargo», «JP Morgan») dövlət nəzarətinə keçməsi mümkünlüyü kimi qiymətləndirilsə də, bu proses böhran şəraitində bank sistemi üçün nəzarətsizlikdən daha yaxşı gələcək kimi qəbul olunur.
Beləliklə, dolların möhkəmlənməsinə fundamental amillər olmadığı üçün, bunun digər səbəblərini tapmaq lazımdır. Burada əsas səbəb kimi böhran şəraitində ABŞ-ın xəzinədarlıq öhdəliklərinə tələbatın yüksək olması qeyd edilə bilər. Belə ki, son zamanlar ənənəvi olaraq, o cümlədən ötən həftə, Amerika xəzinədarlıq istiqrazları üzrə hərraclarda tələbat təklifi üstələyir. Eyni zamanda, Avropanın analoji qiymətli kağızlarına tələbat azalmaqdadır ki, bu da dünyada ABŞ-ın ödəmə qabiliyyətinə inamın olduğunu göstərir. Ekspertlər vurğulayırlar ki, investorlar borcların yüksək olmasına baxmayaraq, ABŞ-ın onları ödəmək iqtidarında olduğunu hesab edirlər. Qeyd edək ki, ABŞ-ın Maliyyə Nazirliyi və Federal Ehtiyat Sisteminin cari ilin əvvəlinə məlumatına görə, ölkənin xəzinədarlıq istiqrazlarını alan əsas investorlar sırasında ilk yeri Çin tutur. Belə ki, Çinin istiqrazlara investisiyalarının həcmi 727,4 mlrd. dollar təşkil edir. İkinci yeri Yaponiya (626 mlrd. dollar), üçüncü yeri «Karib bank ölkələri» qrupunda cəmləşən Baham, Bermuda, Kayman, Antil adaları və Panama (197,5 mlrd. dollar), dördüncü yeri neft ixracatçısı olan ölkələr (186,2 mlrd. dollar) tutur. Ekspertlərin fikrincə, beləliklə, bu ölkələri, ilk növbədə Çin tərəfindən ABŞ iqtisadiyyatının gələcəyinə inamının azalması və nəticədə, xəzinədarlıq istiqrazlarının kütləvi satışına keçməsi təqdirdə dolları kəskin ucuzlaşma gözləyir.
Göründüyü kimi, dolların möhkəmlənməsi investorların böhran şəraitdə risklərdən qaçmasının nəticəsidir və bununla belə, paradoksal görünsə də, dünya iqtisadiyyatının sağlamlaşması əlamətləri üzə çıxmasından sonra əks prosesin başlamasını və dolların ucuzlaşmasını gözləmək olar, çünki investorlar vəsaitlərini daha riskli aktivlərə yönəldəcək. Bundan başqa, ölkənin idxalını azaltmaq və daxili istehsalı dəstəkləmək məqsədi ilə yaxın gələcəkdə ABŞ hökumətinin dolların devalvasiyasına əl atacağı da istisna deyil. Lakin ekspertlərin fikrincə, bu, cari ilin ortalarından tez baş tutmayacaq və yaxın gələcəkdə bütün hazırkı amilləri nəzərə alaraq, dolların möhkəmlənməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR