Bank Of Baku

Azərbaycanın bank hesablaşma sistemləri üzrə ödənişlərin həcmi son bir ildə 68% artıb

Azərbaycanın bank hesablaşma sistemləri üzrə ödənişlərin həcmi son bir ildə 68% artıb
# 04 mart 2009 09:59 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın bank hesablaşma sistemlərində 2009-cu ilin yanvar ayı ərzində aparılan əməliyyatların ümumi həcmi 5 537 mln. manat təşkil edib. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankının Statistika və Tədqiqatlar Departamentindən məlumat verilib.

Mərkəzi bankın hesabatına əsasən, ötən ilin müvafiq ayı ilə müqayisədə hesablaşma sistemləri üzrə əməliyyatların həcmi 2 233 mln. manat və ya 67,6% artıb. Eyni zamanda, banklararası tranzaksiyaların sayı hesabat ayında 259 min təşkil edib və 2008-ci ilin ilk ayı ilə müqayisədə 37 min çox olub. AZİPS və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq sistemlərində (XÖHKS) müvafiq olaraq 5 003 mln. və 534 mln. manatlıq əməliyyat aparılıb. Maraqlıdır ki, AZİPS üzrə həcm göstəricisi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 61% artsa da, XÖHKS üzrə artım 2,7 dəfəyə bərabər olub. Buna baxmayaraq, son bir ayda hər tranzaksiyanın orta məbləği AZİPS üzrə 227,5 mln-dan 185,3 mln. manatadək, XÖHKS üzrə isə 2,6 mln-dan 2,2 mln. manatadək enib.

Xatırladaq ki, banklararası milli hesablaşmalar sistemlərində həm say, həm də həcm baxımından ən yüksək nəticələr bu günə kimi ötən ilin dekabr ayında qeydə alınıb. Belə ki, 2008-ci ilin son ayında banklar tərəfindən ümumi həcmi 11 386 mln. manat olan 316 min ödəniş aparılıb.

Həmçinin qeyd etməliyik ki, ölkədə fəaliyyət göstərən 47 bankın üzv olduğu AZİPS sistemi 2001-ci ildə yaradılıb. Ödəniş funksiyaları ilə bərabər bu sistem SWIFT Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən real vaxt rejimində istifadə imkanını təmin edir.

Bununla yanaşı, 2002-ci ildə istifadəyə verilən Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) isə müasir texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq sistemidir. Sistem Dünya Bankının himayəsi altında keçirilən tenderin qalibi olan «CMA Small Systems AB» şirkəti tərəfindən hazırlanıb. Sistemdə gün ərzində 300 minədək ödənişin qəbulu aparıla bilər. XÖHKS-də 46 kommersiya bankı ilə bərabər «Aqrarkredit» kredit təşkilatı, İpoteka Fondu, Baş Dövlət Xəzinədarlığı və Vergilər Nazirliyi əməliyyat aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR