Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artır

Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi artır
# 06 mart 2009 08:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatları tərəfindən verilən kreditlərin tərkibində vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin fevral ayının 1-nə 176,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 76,9 mln. manat və ya 77,2%, cari ilin əvvəlinə nisbətən isə 16,7 mln. manat və ya 10,5% artıb.
Eyni zamanda, ümumi kreditlərin həcmi həmin dövrlər ərzində müvafiq olaraq 51,3% (2 443,1 mln. manat) və 0,5% (38,1 mln. manat) artıb. Nəticədə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi ötən ilin fevralın əvvəlinə nisbətən 0,4 faiz bəndi, cari ilin əvvəlindən isə 0,3 faiz bəndi artaraq 2,5%-ə çatıb.
Beləliklə, yanvar ayında vaxtı keçmiş kreditlərin həm fiziki həcmi, həm də xüsusi çəkisi kəskin artıb. Göründüyü kimi, ümumi kredit portfelinin 38,1 mln. manatlıq artımının 16,7 mln. manatı vaxtı keçmiş kreditlərin çoxalması hesabına baş verib.
Lakin ümumilikdə, bank sistemi üzrə vaxtı keçmiş kreditlərin xüsusi çəkisinin 2,5% səviyyəsində olması çox yaxşı göstəricidir. Dünya praktikasında ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı 5%-dək olduğu halda ölkənin bank sistemi sağlam və problemsiz kimi qiymətləndirilir. Bu da, əlbəttə, böhransız, normal dövrlər üçün aid bir normadır. Böhran şəraitində isə vaxtı keçmiş kreditlərin həcmi və nisbəti, adətən, kəskin artır. Məsələn, Rusiyanın Mərkəzi Bankı cari ildə bu nisbətin 12%-dək artacağını proqnozlaşdırır. Bu baxımdan, Azərbaycan bank sistemində vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkisinin gələcək aylarda dəyişməsi ölkənin bank sistemində problemlərin olub-olmadığını, müştərilərin və kontragentlərin böhranla əlaqədar ödəmə qabiliyyətinin enib-enmədiyini göstərəcək. Hazırda isə yuxarıda göstərilən artımların tendensiya xarakteri alması barədə qəti fikir söyləmək bir qədər tezdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR