Bank Of Baku

Azərbaycanda pensiyaların ödənilməsinə əlavə banklar cəlb olunacaq

Azərbaycanda pensiyaların ödənilməsinə əlavə banklar cəlb olunacaq
# 06 mart 2009 12:08 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. «Azərbaycanda bankomatlarla bağlı problemlər daha çox cənub bölgəsindədir. Hazırda kənd yerlərində yaşayan pensiyaçıların 91,3%-i pensiyasını plastik kartla, qalan 8,7% isə ya poçt şöbəsi, ya da bank filiallarından nağd alır. Pensiyasını plastik kartla almayan pensiyaçıların bəlkə də 8%-i məhz cənub rayonlarının payına düşür». APA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
S.Müslümovun sözlərinə görə, hazırda pensiya ödənişlərinin avtomatlaşdırılması prosesi sürətlə davam edir. Ümumilikdə, Bakı və Sumqayıt istisna olmaqla, respublikanın rayonlarında 272 bankomat quraşdırılıb. Həmin bankomatların 73-ü kənd və qəsəbələrdədir ki, onların da 19-u qəsəbələrdə, 54-ü böyük kəndlərdədir. Qalan 199 bankomat isə rayon mərkəzlərindədir. Ümumilikdə, hazırda pensiyalarını plastik kartla alan pensiyaçıların sayı 1,03 mln. nəfərə çatıb.
S.Müslümovun pensiya ödənişlərinin avtomatlaşdırılmasında müəyyən problemlərin olduğunu da söyləyib. O, bu problemlərin əsas səbəbini bankomat çatışmazlığında görür: «Biz o vaxt Beynəlxalq Bank və «Kapital Bank»la layihəni reallaşdıran zaman söhbət yalnız şəhər və rayon mərkəzlərində pensiya ödənişlərinin avtomatlaşdırılmasından gedirdi. Sonra bu prosesə kənd evlərində yaşayan pensiyaçılar da qoşuldular və bu proses bütün ölkəni əhatə etməyə başladı. Eyni zamanda, büdcə və qeyri-büdcə təşkilatlarında çalışan işçilərə də əmək haqlarının plastik kartlarla verilməsinə başlanıldı. Nəticədə, bankomat çatışmazlığı yarandı. İndi onun aradan qaldırılması üçün DSMF ilə hər iki bank arasında danışıqlar aparılır».
S.Müslümov bildirib ki, 2010-cu ildən sonra daha çox bankın bu prosesə cəlb edilməsi üçün addımların atılması nəzərdə tutulur: «Biz bu prosesdə rəqabətin olmasını istəyirik. Çünki yerlərdə elə banklar var ki, onların çox gözəl bankomat şəbəkəsi mövcuddur. Amma bu gün pensiyaçılar öz pensiyalarının müəyyən komisyon haqlar tutulduğu üçün yalnız Beynəlxalq Bank və «Kapital Bank»ın bankomatlarından alırlar. Vəsaiti itirməmək üçün digər bankların bankomatlarından istifadə etmirlər. Ona görə də bu məsələ ilə bağlı bu yaxınlarda Milli Bankın rəhbəri ilə görüşdüm. Biz həm də DSMF-nın yerlərdən topladığı sosial sığorta haqlarının kiçik ödəmələr üzrə sistemə qoşulmasına qərar verdik. Hazırda bununla bağlı iş aparırıq. Bu gün torpaq sahibləri və fiziki şəxslərdən sosial sığorta haqları mədaxil qəbzləri ilə toplanılır. Bu sistem çoxlu neqativ hallar yaradır. Bunu aradan qaldırmaq üçün nəzərdə tutulur ki, Milli Bankın qurduğu kiçik ödəmələr sisteminə tezliklə qoşulaq. Bununla da nağd pulun alınması istiqamətində DSMF-nın müfəttişləri ilə ödəyicilər arasında olan kontakt aradan qaldırılacaq. Hesab edirəm ki, ilin sonuna qədər bu işi də yekunlaşdırmağa çalışacağıq».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR