Bank Of Baku

Azərbaycanda son 4 ildə ilk dəfə banklar qeyri-faiz mənfəəti əldə edib

Azərbaycanda son 4 ildə ilk dəfə banklar qeyri-faiz mənfəəti əldə edib
# 11 mart 2009 09:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2009-cu ilin yanvar ayında əldə etdiyi vergi ödənilənədək xalis mənfəətin həcmi 55,31 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, ötən ilin yanvarı ilə müqayisədə bu göstərici 4 dəfə artıb.
Yanvarın yekunlarına görə, 14,03 mln. manat təşkil edən aktivlər üzrə xüsusi ehtiyatlara ayırmaları nəzərə alaraq, bankların məcmu mənfəətinin həcmi 69,37 mln. manata bərabər olub ki, bu da ötən ilin yanvar göstəricisinə nisbətən 2,6 dəfə çoxdur.
Bankların əldə etdiyi mənfəətin ötən illə müqayisədə bu dərəcədə artması ilk növbədə cari ilin yanvarında bankların qeyri-faiz əməliyyatları üzrə zərərlə deyil, mənfəətlə işləməsi ilə bağlıdır. Qeyd edək ki, bu, son 4 ildə müşahidə olunan ilk analoji faktdır: 2004-cü ildən qeyri-faiz əməliyyatları üzrə banklar zərərlə işləyib.
Belə ki, yanvar ayında bankların faiz gəlirləri 89,41 mln. manat, faiz xərcləri 40,44 mln. manat, xalis faiz gəliri isə nəticə etibarı ilə 48,97 mln. manat təşkil edib. Bundan əlavə, bankların qeyri-faiz gəlirləri 48 mln. manat, qeyri-faiz xərcləri 27,6 mln. manat, xalis qeyri-faiz mənfəəti isə 20,4 mln. manata bərabər olub. Müqayisə üçün qeyd edək ki, ötən ilin yanvar ayında xalis faiz mənfəəti 34,73 mln. manat, qeyri-faiz zərəri isə 8,15 mln. manat təşkil edib.
Bankların faiz gəlirləri əsasən kreditlərin yerləşdirilməsi nəticəsində əldə edilən gəlirlərdir. Qeyri-faiz gəlirləri isə investisiya fəaliyyəti, mübadilə əməliyyatları, müxtəlif komissiya haqları, köçürmə və digər bu növ bank xidmətlərindən əldə edilən gəlirlərdir. Bu kateqoriyalara aid olan xərclər də müvafiq olaraq fərqlənir.
Qeyri-faiz gəlirlərinin olmaması, yəni kreditləşmə ilə birbaşa bağlı olmayan bank əməliyyatlarının yalnız zərər vurması faktı bank sistemində müəyyən qeyri-sağlamlıq amili kimi qiymətləndirilir. Hazırda bu amil artıq aradan qalxmaqdadır. Beləliklə, Azərbaycandakı kommersiya bankları kreditlərlə əlaqəli olmayan xidmətləri göstərərkən mənfəət əldə edir. Hazırkı vəziyyətdə - bank sistemində likvidliyin azalması, xarici öhdəliklərin yerinə yetirilməsi zəruriliyi və bankların maliyyə durumuna mənfi təsir göstərən bu kimi digər amillərin mövcudluğu dövründə bankların qeyri-faiz əməliyyatlarından nəzərə çarpan dərəcədə faydalanması çox müsbət və əhəmiyyətli göstəricidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR