Bank Of Baku

«AccessBank» depozitlər üzrə faizlər siyasətində dəyişikliklər aparıb

«AccessBank» depozitlər üzrə faizlər siyasətində dəyişikliklər aparıb
# 12 mart 2009 08:03 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) müştərilərə təklif etdiyi depozitlər üzrə faizlər siyasətində dəyişikliklər apardığını elan edib. Bu barədə «APA-Economics»ə bankdan məlumat verilib.

Bu gündən etibarən «AccessBank»da bütün depozit əmanətçiləri, yatırdıqları əmanətlərin məbləğindən asılı olmayaraq, ən yüksək faizlər ala biləcəklər. Digər bankların depozit proqramlarından fərqli olaraq, mövcud olan məbləğ məhdudiyyəti aradan qaldırılıb: «Bu addımla bank rəhbərliyi «AccessBank»ı əhalinin bütün təbəqələri üçün daha da əlverişli banka çevirmək və müştərilər arasında maddi status məhdudiyyətini aradan qaldırmaq məqsədini daşıyır».

«AccessBank»ın baş meneceri Endryu Pospilovski bildirib ki, dünyanın əksər bankları kiçik əmanətlərə, böyük əmanətlərdən fərqli olaraq daha az faiz ödəyir: «Biz hər bir əmanətçini dəyərləndiririk və indi 50 və ya 50 min manat əmanət yatırmasından asılı olmayaraq, hər bir kəs bizdən ən yüksək faizlər alacaq».

Maraqlıdır ki, 2007-ci ildən Əmanətçilərin Sığortalanması Fondunun üzvü olan «AccessBank»ın depozit proqramlarının müddəti 1 aydan 5 ilədək, təklif olunan faiz dərəcələri isə yerləşdirmə müddəti və əmanətin valyutasından asılı olaraq illik 2%-dən 20%-dək dəyişir. Həmçinin qeyd etməliyik ki, «AccessBank»ın depozit portfeli 2008-ci il ərzində 91% artaraq 17 278,76 min manata çatıb. Car ilin yanvar-fevral aylarında isə bankın depozit bazası 2 590,4 min manat və yaxud 14,93% genişlənərək 19 850,16 min manat təşkil edib.

Xatırladaq ki, Azərbaycanın özəl bankları arasında ən yüksək «BB+» («Fitch» agentliyinin) reytinqinə malik olan və nizamnamə kapitalı 20 mln. manat təşkil edən «AccessBank» 100% xarici kapitala malikdir. Onun səhmdarları rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), KfW Bankı (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%) kimi beynəlxalq maliyyə təşkilatları ilə bərabər «LFS Financial Systems GmbH.» (3,47%) məsləhətçi şirkəti daxildir. Bankın strateji investoru «Access Holding»dir və ona məxsus səhm payı 16,53% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR