Bank Of Baku

«Azərdəmiryolbank» mövcud IT sistemini yeniləyir

«Azərdəmiryolbank» mövcud IT sistemini yeniləyir
# 13 mart 2009 12:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) mövcud IT sisteminin SAP tipli müasir proqram təminatı ilə əvəzlənməsi və müvafiq infrastrukturun yaradılması üzrə məsləhət xidmətlərinin alınmasına dair tender elan olunub.
«Azərdəmiryolbank»ın səhmdarlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) «APA-Economics»ə verilən məlumata görə, üç mərhələdə göstəriləcək məsləhət xidmətlərinin göstərilməsinə dair müsabiqədə əvvəllər müvafiq sistemlərin qurulmasında təcrübəsi olan IT konsaltinq şirkətləri iştirak edə bilər. Tender aprelin 9-da başa çatacaq və tapşırığın icrasına iyun ayından başlanması planlaşdırılır. Müsabiqənin şərtlərinə görə, ümumi dəyəri 3,5 mln. avro olan layihənin üç mərhələsinin 12 ay ərzində tam həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, «Azərdəmiryolbank» tələb olunan proqram təminatının tədarükü ilə bağlı SAP beynəlxalq şirkətinin MDB ofisi ilə müqavilə bağlayıb.
Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı var. AYİB Azərbaycanın bankının nizamnamə kapitalında «25%+1 səhm» paya malikdir. Bundan başqa, səhmlərin 10%-i Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10%-i hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. «Azərdəmiryolbank» SKB 1989-cu ildə təsis edilib və hazırda bankın ölkə üzrə 27 filialı, 39 bankomatı və 252 POS-terminalı fəaliyyət göstərir.
Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 224,698 mln. manat, kredit portfeli 168,592 mln. manat, depozit portfeli 49,497 mln. manat, məcmu kapitalı 37,398 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,40 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR