Bank Of Baku

Azərbaycan Maliyyə Nazirliyi: Xəzinədarlıqdakı qalıq vəsaitlər büdcə kəsirinin tam ödənilməsinə imkan verir

Azərbaycan Maliyyə Nazirliyi: Xəzinədarlıqdakı qalıq vəsaitlər büdcə kəsirinin tam ödənilməsinə imkan verir
# 16 mart 2009 10:16 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi Dövlət Xəzinədarlığı Agentliyinin hesablarında toplanan ehtiyat vəsaitlər 900 mln. ABŞ dolları təşkil edir və 2009-cu il ərzində dövlət büdcəsi məsrəflərinin maliyyələşdirilməsində yarana biləcək problemlərin həll olunmasına tam imkan verir. Bu barədə «APA-Economics»ə Maliyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin rəsmi nümayəndəsi vurğulayıb ki, dövlət büdcəsinin ixtisar olunması üzrə mülahizələrin gerçəkləşəcəyi az ehtimal olunandır. Onun sözlərinə görə, yarana biləcək kəsir hökumətin proqnozlarından daha çox olacağı təqdirdə, büdcə gəlirləri və xərcləri, eləcə də Dövlət Neft Fondundan transfertin həcmlərinin dəyişdirilməsinə ehtiyac yaranmayacaq. «Mart ayının əvvəlinə olan operativ məlumatlara görə, 30 mln. manat səviyyəsində ehtimal olunan kəsir əvəzinə dövlət büdcəsinin yerinə yetirilməsi nəticəsində 400 mln. manata yaxın profisit yaranıb. Maraqlıdır ki, bu zaman büdcə məsrəflərinin maliyyələşdirilməsi hökumət tərəfindən 98-99% səviyyəsində aparılıb», - deyə nazirlikdəki mənbə vurğulayıb.

Mənbə həmçinin qeyd edib ki, 2009-cu il üçün nəzərdə tutulan büdcənin qəbul olunması zamanı Maliyyə Nazirliyinə xəzinədarlığın hesablarında olan qalıq vəsaitlərin kəsirin ödənilməsi üçün istifadəyə səlahiyyətlər verilib. Məhz buna görə, neft qiymətlərinin proqnozlardan aşağı səviyyədə qalması Azərbaycanın dövlət büdcəsinin yerinə yetirilməsində ciddi problemlərə səbəb olmayacaq.

Xatırladaq ki, Azərbaycanın dünya bazarına ixrac etdiyi «Azeri Light» markalı xam neftin satış qiyməti 40 ABŞ dollarına yaxın olduğu bir şəraitdə, onun 2009-cu il dövlət büdcəsində baza qiyməti 70 dollar təşkil edir.

Öz növbəsində parlamentdəki mənbələrdən «APA-Economics»ə bildirilib ki, bu şəraitdə büdcə gəlirləri ilə bərabər, büdcə xərcləri də ən azı 15% ixtisar oluna bilər. Əks təqdirdə, büdcə kəsirinin genişlənməsi və yaxud Dövlət Neft Fondundan müvafiq ayırmaların artırılması istisna olunmur.

Qeyd edək ki, 2009-cu il dövlət büdcəsinin gəlirləri 12 177 mln. manat, xərcləri isə 12 355 mln. manat səviyyəsində proqnozlaşdırılır. Nəticədə, büdcə kəsiri 178 mln. manat və yaxud Ümumi Daxili Məhsulun 0,4%-i qədər təşkil edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR