Bank Of Baku

Azərbaycan daxili valyuta bazarında dedollarlaşma davam edir

Azərbaycan daxili valyuta bazarında dedollarlaşma davam edir
# 16 aprel 2009 09:39 (UTC +04:00)
Bakı. Vüqar İsrafilov – APA-Economics. Azərbaycanın daxili valyuta bazarının həcmi 2009-cu ilin fevral ayında yanvara nisbətən 181,091 mln. manat və yaxud 6,32% artıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Bankından məlumat verilib.

AMB-nin bu həftə açıqladığı statistik məlumatlara əsasən, cari ilin ilk iki ayı ərzində valyuta bazarının həcmi 5 943,37 mln. manata bərabər olub və ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 105,28% artım nümayiş edib. Daxili valyuta əməliyyatlarında müşahidə olunan ikiqat artım tempi 2007-2008-ci ilin müvafiq dövrlərində qeydə alınan dinamikanı 1,75 dəfə üstələyir. Xalis rəqəmlərdə builki artım manat ekvivalentində 3,05 mlrd. təşkil edib, halbuki 2008-ci ilin müvafiq artım göstəricisi 1,09 mlrd. manata yaxın olub.

Həcm artımı ilə bərabər, daxili valyuta bazarında ABŞ dolları ilə aparılan əməliyyatların azalması – dedollarlaşma qeydə alınıb. Belə ki, 2009-cu ilin ilk iki ayı ərzində ABŞ valyutası ilə mübadilə əməliyyatlarının həcmi manat ekvivalentində 3 467,671 mln-a çatıb və bazarın məcmu həcminin 58,35%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə isə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 2 269,894 mln. manata bərabər olub. Bu zaman dolların bazarın ümumi həcmindəki xüsusi çəkisi 78,40% səviyyəsində olub. Dollar seqmentinin artımı AMB-nin statistik məlumatlarına görə, son bir ildə manat ekvivalentində 1 197,78 mln-a yaxın və yaxud 52,78% təşkil edib, onun bazar payı isə ilk dəfə olaraq 20 faiz bəndindən artıq düşüb. Göründüyü kimi, dedollarlaşma bu valyuta ilə aparılan konvertasiyanın tempində əks olunur. Daxili valyuta bazarında dollar seqmentinin artım tempi ümumi artım dinamikasından 2 dəfə az olub.

Qeyd etmək lazımdır ki, avro, Britaniya funtu və Rusiya rublu seqmentlərindən fərqli olaraq, dollar bazarının əsasını bankdaxili əməliyyatlarla bərabər valyuta birjası və açıq banklararası bazar təşkil edir. Dollarla banklar arasında aparılan əməliyyatların həcmi bu ilin yanvar-fevral aylarında 1 164,58 mln. manata yaxın olub və ötən ilin ilk iki ayına nisbətən 503,85 mln. manat və ya 76,26% artıb. Bu artımın yalnız 1/18 hissəsi (27-28 mln.) mütəşəkkil valyuta bazarının (Bakı Banklararası Valyuta Birjası - BBVB) payına düşüb. Martın 1-nə olan məlumata görə, dollarla bankların apardıqları mübadilə əməliyyatlarının yalnız 27%-i birjada keçirilir, halbuki bir il əvvəl bu göstərici 43,38%-ə bərabər olub.

Xatırladaq ki, 2008-ci ildə Azərbaycanda daxili valyuta bazarının ümumi həcmi 26 567,39 mln. manata yaxın təşkil edib. Maraqlıdır ki, bu həcmdə ABŞ dolları ilə əməliyyatlarının xüsusi çəkisi 69,85% bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR