Bank Of Baku

Azərbaycanda «Dünya maliyyə böhranının neft iqtisadiyyatlı ölkələrə təsirləri» mövzusunda konfrans keçirilib

Azərbaycanda «Dünya maliyyə böhranının neft iqtisadiyyatlı ölkələrə təsirləri» mövzusunda konfrans keçirilib
# 20 aprel 2009 10:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə «Dünya maliyyə böhranının neft iqtisadiyyatlı ölkələrə təsirləri» mövzusunda konfrans keçirilib. «APA-Economics»in məlumatına görə, tədbirdə bir sıra dövlət qurumu və beynəlxalq təşkilatın nümayəndələri, millət vəkilləri və iqtisadçılar iştirak edib.
Konfransda çıxış edən Norveçin Azərbaycandakı səfiri Con Ramberq (Jon Ramberg) qeyd edib ki, böhran dövründə dünyada neftin qiyməti təxminən 3 dəfə azalıb və bu, bir sıra neft iqtisadiyyatlı ölkələrə ciddi təsir edib: «Həmin ölkələrin mövcud resurslarının olmasına baxmayaraq, onlar bir qədər əziyyət çəkir».
Tədbirdə çıxış edən ABŞ-ın CATO İnstitutunun nümayəndəsi Andrey İllarionov bildirib ki, hazırda müşahidə olunan maliyyə böhranını qlobal adlandırmaq düzgün deyil. Belə ki, böhran bütün ölkələrə təsir etməyib: «Böhran əsasən ABŞ, şimal ölkələri, Avropa və MDB ölkələrinin bir neçəsinə təsir edib». A.İllarionovun fikrincə, Çin kimi ölkədə son 27 il ərzində polad istehsalı ilbəil 1 faiz bəndi artıb. Lakin böhran dövründə Çində polad istehsalı 12% artaraq 48%-ə çatıb.
ABŞ-da başlayan maliyyə böhranının sonradan Rusiyaya təsiri məsələsinə gəldikdə isə, A.İllarionov bildirib ki, Rusiyada sənaye sahəsində azalma ABŞ-da başlayan maliyyə böhranından hələ 9 ay əvvəl müşahidə olunub.
Bundan başqa, A.İllarionov böhranın dünya fond bazarına təsiri və indekslərin kəskin azalması barədə də məlumat verib.
Tədbirdə çıxış edən Dünya Bankının (DB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak (Gregori Edjeychak) öz növbəsində A.İllarionovun böhranın qlobal olmaması barədə fikri ilə razılaşmadığını bildirib: «Mən İllarionovun fikri ilə razı deyiləm. Əlbəttə, ötən dövr ərzində Çində iqtisadi artım 6% səviyyəsində müşahidə olunub, lakin Çin hökuməti ölkədə işsizlik probleminin aradan qaldırılması üçün ən azı 8%-lik iqtisadi artıma nail olmalıdır. Azərbaycan da həmin addımları atmalıdır».
DB-nın fəaliyyətindən danışan Q.Yedjeyçak onu da bildirib ki, böhran dövründə Bank fəaliyyətini gücləndirib və büdcəsinin həcmini 35 mlrd. ABŞ dollarınadək artırmaq niyyətindədir. Eyni zamanda, DB yoxsul ölkələrə diqqətini artıracaq.
Bundan başqa, DB rəsmisi qeyd edib ki, Azərbaycan maliyyə böhranının ilk zərbəsinə davam gətirə bilib. Bu da, Milli Bankın yeritdiyi düzgün siyasətin nəticəsidir: «Azərbaycan neft-qaz məhsullarından başqa digər məhsulları da həm daxili, həm də xarici bazarlara çıxarmalıdır ki, 15-20 ildən sonra ölkənin əsas resursları kəskin azala bilər».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR