Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, tədiyyə balansının cari əməliyyatlar hesabında yaranmış profisiti son bir ildə 2,2 dəfə azalaraq 4 480,8 mln. dollar təşkil edib. Mərkəzi Bankın tədiyyə balansı üzrə şərhinə əsasən, tədiyyə balansının sektoral təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi 2009-cu ilin yanvar-iyun aylarında da xarici iqtisadi əməliyyatlar neft-qaz sektoru üzrə müsbət saldoya, qeyri-neft sektoru üzrə isə mənfi saldoya malik olub. Neft-qaz sektoru üzrə ümumi daxilolmalar əsasən neftin və təbii qazın ixracı və bu sektora cəlb edilən xarici kapitalın hesabına formalaşır. Bu sektor üzrə ödənişlər isə mənfəətin və investisiyaların repatriasiyası, avadanlıqların və xidmətlərin idxalını əks etdirir. Cari ilin yanvar-iyun aylarında neft-qaz sektoru üzrə yaranmış ümumi müsbət saldo keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə azalaraq 5,6 mlrd. dollar olub. Bu, əsasən dünya bazarında xam neftin qiymətinin müqayisə olunan dövrə nisbətən iki dəfə azalması nəticəsində ölkədən ixrac olunan neftin ümumi dəyərinin aşağı düşməsi ilə, habelə bu sektora cəlb olunan birbaşa xarici investisiyaların və kreditlərin ümumi məbləğinin iki dəfə azalması ilə bağlı olub.
Tədiyyə balansının əsas göstəriciləri
(mln. ABŞ dolları)
| 2008-ci ilin II rübü | 2009-cu ilin II rübü |
I.Cari əməliyyatlar II.Kapitalın və maliyyənin | ||
Cari ilin iki rübü ərzində xarici ticarət dövriyyəsi 11,8 mlrd. dollar təşkil edib və xarici ticarət balansı 5,9 mlrd. dollar məbləğində müsbət saldo ilə nəticələnib. Yanvar-iyun aylarında Azərbaycanın 120 ölkə ilə ticarət əlaqələri olub. Xarici ticarətin 11,6%-i MDB, 88,4%-i isə uzaq xarici dövlətlərin payına düşür.
Yanvar-iyun ayları ərzində əmtəə ixracı 8,8 mlrd. dollar təşkil edib. İxrac olunmuş malların strukturunda neft məhsullarının payı 89,4%-ə bərabər olub. Ümumilikdə, xarici dövlətlərə 7,9 mlrd. dollar həcmində neft və neft məhsulları ixrac olunub. İxrac olunmuş bütün neft məhsullarının 526,1 mln. dolları neft emalı məhsullarının, 7,4 mlrd. dolları isə xam neftin ixracının payına düşür. İxrac olunmuş xam neftin 6,8 mlrd. dolları Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən hasil olunmuş neftin ümumi dəyəridir.
(mln. ABŞ dolları)
İxracın strukturu | ||
| 2008-ci ilin II rübü | 2009-cu ilin II rübü |
Yanacaq-xammal məhsulları | 16 829,3 | 7 997,9 |
- neft məhsulları | 16 544,3 | 7 908,5 |
-digər xammal | 285,3 | 89,4 |
Maşın və avadanlıq | 126,4 | 67,6 |
İstehlak malları | 252,0 | 242,2 |
Digər mallar | 25,4 | 535,8 |
İxrac cəmi | 17 233,1 | 8 843,5 |
Cari ilin yanvar-iyun ayları ərzində əmtəə idxalının ümumi dəyəri 2,9 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,9% azdır:
(mln. ABŞ dolları)
İdxalın strukturu | ||
| 2008-ci ilin II rübü | 2009-cu ilin II rübü |
İstehlak malları | 1 351,2 | 1 305,7 |
- ərzaq məhsulları | 454,9 | 433,6 |
- qeyri-ərzaq məhsulları | 896,3 | 872,1 |
İnvestisiya yönümlü mallar | 395,3 | 320,7 |
Digər mallar | 1 468,7 | 1 302,2 |
İdxal cəmi | 3 251,2 | 2 928,6 |
Mərkəzi Bankın hesablamalarına görə, 2009-cu ilin yanvar-iyun ayları ərzində ölkəyə 1,3 mlrd. dollar dəyərində gətirilmiş istehlak mallarının 542,6 mln. dolları fiziki şəxslər tərəfindən idxal edilib. Ümumi idxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 10,9% təşkil edərək 320,7 mln. dollar olub ki, bunun 73,2%-i beynəlxalq neft-qaz kontraktları çərçivəsində istifadə olunmuş investisiyalar hesabına idxal edilib. Bundan başqa, ölkəyə ümumi məbləği 1 302,2 mln. dollar olan istehsal təyinatlı maşın-avadanlıq, kimya, qara və əlvan metal məhsulları da gətirilib.