Bank Of Baku

Azərbaycanda avqustda inflyasiya 0,1% olub

Azərbaycanda avqustda inflyasiya 0,1% olub
# 16 sentyabr 2009 07:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqust ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2009-cu ilin iyul ayına nisbətən 0,1%, yanvar-avqust aylarında 2008-ci ilin analoji dövrünə nisbətən isə 2,6% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri iyul ayı ilə müqayisədə 0,1% bahalaşıb, ərzaq mallarının qiymətləri iyul ayının səviyyəsində qalıb, qeyri-ərzaq mallarının qiymətləri 0,1%, xidmət tarifləri də həmçinin 0,1% bahalaşıb. Yanvar-avqust ayları ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,6%, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, xidmət tarifləri isə 6,2% bahalaşıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın səviyyəsinin 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-nin ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutur. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR