Bank Of Baku

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 15% azalıb

Azərbaycanda əsas kapitala sərmayə qoyuluşu 15% azalıb
# 17 sentyabr 2009 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4 562,5 mln. manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 15,3% az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 2 783,7 mln. manat və ya ümumi investisiyanın 61%-i, qeyri-dövlət müəssisələri isə 1 778,8 mln. manat sərmayə qoyub. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi ümumi investisiyanın 70,5%-ni təşkil edərək 3,215 mlrd. manat olub. İstehsal təyinatlı obyektlərin inşasında 3 547,5 mln. manat, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində 1,015 mlrd. manat investisiyadan istifadə edilib.

Hesabat dövründə əsas kapitala yönəldilmiş daxili investisiyaların həcmi ümumi investisiyanın 82,1%-ni təşkil edib, onun 70,3%-i dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlara aid olub.

Bu il büdcədən maliyyələşdirilməsi nəzərdə tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büdcəsində 4,718 mlrd. manat vəsait nəzərdə tutulmuş və vəsaitin 1 568,9 mln. manatından istifadə edilib.

Bununla yanaşı, əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 2 165,1 mln. manat (ümumi investisiyanın 47,5%-i), bank kreditləri 230,6 mln. manat (5,1%-i), büdcə vəsaitləri 1 699,3 mln. manat (37,2%-i), büdcədənkənar fondların vəsaitləri 306,9 mln. manat (6,7%-i), əhalinin şəxsi vəsaitləri 160,2 mln. manat (3,5%-i), digər vəsaitlər isə 0,4 mln. manat təşkil edib.

İlin əvvəlindən əsas kapitala yönəldilmiş bütün investisiyanın 39,4%-i sənaye sahələrinin inkişafına, 3,8%-i kənd təsərrüfatına, 0,1%-i balıqçılığa, 0,6%-i tikintiyə, 3,4%-i ticarət və xidmətə, 0,3%-i mehmanxana və restoranlara, 28,5%-i nəqliyyata, 1,8%-i rabitəyə, 0,2%-i maliyyəyə, 10,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlara (ondan 8,5%-i mənzil tikintisinə), 4,9%-i dövlət idarəetməsinə, 1,4%-i təhsilə, 1,8%-i səhiyyəyə, 3,6%-i digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.

Qeyd edək ki, yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş investisiyanın 3 343,4 mln. manatı (73,3%-i) qeyri-neft bölməsinin, 1 219,1 mln. manatı (26,7%-i) neft bölməsinin inkişafında istifadə edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft bölməsinə yönəldilmiş investisiyanın həcmi 4,1% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR