Bank Of Baku

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 45% azalıb

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 45% azalıb
# 18 sentyabr 2009 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2009-cu ilin yanvar-iyun ayları üzrə tədiyyə balansında xarici dövlətlərlə iqtisadi əlaqələrdə qarşılıqlı xidmətlərin ümumi həcmi 2 203,2 mln. ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bunun 1 401,7 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 801,5 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərin payına düşür. Beləliklə, xidmətlər balansının saldosu mənfi 600,2 mln. dollar olub. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə xidmətlər üzrə mənfi saldo 45,4% azalıb.

Qarşılıqlı xidmətlər dövriyyəsinin 28,3%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşür. Ümumi dəyəri 623,3 mln. dollara bərabər olan nəqliyyat xidmətlərinin 44,4%-i Azərbaycan rezidentlərinin xarici dövlətlərin nəqliyyat sistemlərindən istifadə etmələri ilə əlaqədar olub. Öz növbəsində, Azərbaycan rezidentlərinin göstərdiyi nəqliyyat xidmətlərinin ümumi dəyəri 346,8 mln. dollar təşkil edib.

Mərkəzi Bankın hesablamalarına görə, 2009-cu ilin yanvar-iyun ayları ərzində xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 155,9 mln. dollar məbləğində qiymətləndirilib ki, bunun 41,5%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olub. Bu səfərlərlə bağlı xarici iş adamlarına göstərilən xidmətlərin dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 74,7% artaraq 64,8 mln. dollara çatıb. Öz növbəsində xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 8,7% artaraq 155,8 mln. dollar məbləğində olub. Bunun 90%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri zamanı xaricdə sərf etdikləri vəsaitlərin payına düşür.

Ümumiyyətlə, qarşılıqlı xidmətlərin ölkənin xarici dövlətlərlə əmtəə və xidmətlər üzrə ümumi idxal-ixrac dövriyyəsində xüsusi çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1 faiz bəndi artaraq 15,8% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR