Bank Of Baku

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 3% olacaq

Asiya İnkişaf Bankı: Bu il Azərbaycanda inflyasiya 3% olacaq
# 23 sentyabr 2009 14:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Asiya İnkişaf Bankı (AİB) 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın 3% səviyyəsində olacağını proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bu barədə AİB-in yenilənmiş hesabatında göstərilib.

Əgər öncəki hesabatda AİB Azərbaycanda inflyasiyanın 12% təşkil edəcəyini proqnozlaşdırırdısa, artıq yenilənmiş hesabatda bu rəqəm 4 dəfə - 3%-dək azaldılıb. Buna baxmayaraq, yenilənmiş hesabatda 2010-cu il üçün Azərbaycandakı illik inflyasiyanın səviyyəsi 7% səviyyəsində saxlanılıb.

Region üzrə isə 2009-cu ildə inflyasiyanın 7,6%, 2010-cu ildə isə 7,3% təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri 2,6%, o cümlədən, ərzaq məhsullarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 4,7%, xidmət tarifləri isə 6,2% bahalaşıb.

Məlumat üçün bildirək ki, Beynəlxalq Valyuta Fondu 2009-cu ildə Azərbaycanda illik inflyasiyanın 4%-ə düşəcəyini proqnozlaşdırır. BVF-nin ekspertləri hesab edirlər ki, MDB, Şərqi və Mərkəzi Avropanın 27 ölkəsi arasında Azərbaycan istehlak qiymətlərinin indeksi üzrə 13-cü yeri tutur. MDB ölkələrində orta illik inflyasiya bu il 12,6% təşkil edəcək. Bununla belə vurğulanır ki, Rusiyada qiymət artımı nəzərə alınmazsa, bu göstərici 11,9%-ə bərabər olacaq. Bölgədə ən yüksək qiymət artımı məhz Rusiya (12,9%) və Serbiyada (10%) gözlənilir.

Maraqlıdır ki, Valyuta Fondunun ehtimallarına əsasən, yalnız Azərbaycan, Moldova, Gürcüstan və Ermənistanda 2009-cu ildə inflyasiya 5%-dən çox olmayacaq.

Qeyd edək ki, Azərbaycan 27 ölkə sırasında qiymətlərin enməsi üzrə lider dövlət hesab oluna bilər. BVF-nin proqnozlarına görə, 2010-cu ildə Azərbaycanda inflyasiya 7% səviyyəsində gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR