Bank Of Baku

«Azərqarant» sığorta şirkətinin daxilolmaları son bir ildə 44% azalıb

«Azərqarant» sığorta şirkətinin daxilolmaları son bir ildə 44% azalıb
# 14 oktyabr 2009 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant» sığorta şirkətinin 2009-cu ilin yanvar-sentyabr aylarında topladığı sığorta haqlarının həcmi 394,486 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,7% azdır.

Şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 38,6% azalaraq 70,160 min manata çatıb.

Ş.Hüseynovun sözlərinə görə, sığorta daxilolmalarının strukturunda «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (143,109 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (127,649 min manat) və «Fərdi qəza və xəstəlik sığortası» (71,231 min manat) növləri üstünlük təşkil edib. Bu növlərin məcmu daxilolmalarda xüsusi çəkisi müvafiq olaraq 36,3%, 32,4% və 18%-ə bərabər olub.

Ödənişlərin strukturunda isə «Avtonəqliyyat vasitələrinin könüllü sığortası» (41,304 min manat) və «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (22,291 min manat) növləri daha yüksək paya malik olub (müvafiq olaraq 58,9% və 31,8%).

Xatırladaq ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,7 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR