Bank Of Baku

Azərbaycanda avro 13-aylıq maksimumu, dollar isə 6-aylıq minimumu təzələyib

Azərbaycanda avro 13-aylıq maksimumu, dollar isə 6-aylıq minimumu təzələyib
# 14 oktyabr 2009 08:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avro və dolların manata qarşı məzənnələri dünya valyuta bazarlarında baş verən proseslər və daxili prioritetlərə cavab olaraq nəzərə çarpan dəyişkənlik nümayiş etdirir. «APA-Economics»in məlumatına görə, bu gün avronun rəsmi məzənnəsi 13-aylıq maksimumu, dollar isə 6-aylıq minimumu təzələyib. Daha dəqiq desək, Azərbaycan Mərkəzi Bankı tərəfindən oktyabrın 14-nə müəyyənləşdirdiyi avronun rəsmi məzənnəsi (1,1956 manat) sonuncu dəfə ötən ilin sentyabrın 23-də, dolların məzənnəsi isə (0,8030 manat) bu ilin aprelin 4-də müşahidə olunub.

Qeyd edək ki, avronun bahalaşması və dolların ucuzlaşması əsasən son zamanlar müşahidə olunur, bu da ilk növbədə dünya bazarlarında baş verən proseslərin təsiri altında baş verir. Belə ki, son vaxtlar dollar avroya qarşı kəskin ucuzlaşmağa başlayıb. Öz növbəsində buna əsas səbəb kimi valyuta dilerləri və investorlar tərəfindən dolların və dollarda ifadə olunmuş aktivləri sataraq, avro və ya yen və bu valyutada ifadə olunmuş aktivlərin alınmasını vurğulamaq olar. İnvestorların bu addımları həm ABŞ-da faiz dərəcələrinin kiçik olması, həm də bu ölkədə inflyasiya risklərinin yüksək olması ilə izah oluna bilər. Nəticədə, dolların alternativi olan avro və qızıl bahalaşır. Xüsusən də qızıl, çünki valyuta bazarlarında hər hansı qeyri-müəyyənlik, o cümlədən dolların zəifləməsi baş verdikdə, investorlar daha təhlükəsiz aktiv kimi məhz qızıla üstünlük verir. Nəticədə, qızılın qiyməti tarixi maksimuma çatıb və hər gün bu maksimum təzələnir.

Qeyd edək ki, cari ilin əvvəlindən dolların manata qarşı məzənnəsi 0,19% enib, avro isə manata qarşı həmin dövr ərzində 7,49% bahalaşıb. Dünya bazarlarında isə dollar ilin əvvəlindən 9,16% ucuzlaşıb. Beləliklə, aydın olur ki, dolların avroya qarşı ucuzlaşması Azərbaycanda öz əksini dolların ucuzlaşmasında deyil, avronun manata qarşı bahalaşmasında tapır. Bu da həm iqtisadi, həm də sosial baxımdan daha əhəmiyyətli olması ilə bağlıdır. Belə ki, Azərbaycan iqtisadiyyatında, ixrac-idxal əməliyyatlarında, hesablaşmalarda, pul köçürmələrində, neft ixracı və əldə olunan vəsaitlərin konvertasiyasında və digər sahələrdə dollar avrodan daha böyük rol oynayır. Bundan başqa, əhali arasında dollar ənənəvi olaraq yığım valyutası kimi qəbul olunur və ümumilikdə, dolların kəskin ucuzlaşması əhali arasında psixoloji gərginlik yarada bilər. Nəticədə, əhalinin valyuta əməliyyatlarında gözlənilməz addımlar baş verə bilər ki, bu da daxili valyuta bazarı və bank sisteminin vəziyyətini gərginləşdirəcək. Bütün bu və digər səbəb və amilləri nəzərə alaraq, Mərkəzi Bank avronun manata qarşı bahalaşmasını dolların ucuzlaşmasından daha təhlükəsiz hesab edərək, valyuta siyasətini bu prinsiplərə uyğun həyata keçirir.

Xatırladaq ki, avro nağd valyuta şəklində 2001-ci ilin əvvəlindən dövriyyəyə buraxılıb. Avropanın vahid valyutasının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin tarixi maksimumu isə həmin ilin yanvarın 1-də (1 EUR/1,3364 AZN) qeydə alınıb. Dolların avro ilə paralel dövr etdiyi bu müddət ərzində ABŞ valyutasının Azərbaycan manatına qarşı rəsmi məzənnəsinin minimumu isə 2008-ci ilin dekabr ayının 26-da (1 USD/ 0,8011 AZN) müşahidə olunub.

Qeyd edək ki, hələ 1999-cu ilin ilk yarısında dolların rəsmi məzənnəsi təxminən 0,77 AZN civarında dəyişib və həmin ilin iyul ayında AMB manatın kəskin devalvasiyasına dair qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR