Bank Of Baku

Sergey Lebedev: «MDB ölkələri arasında böhran ən az Azərbaycana təsir edib»

Sergey Lebedev: «MDB ölkələri arasında böhran ən az Azərbaycana təsir edib»
# 14 oktyabr 2009 09:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda başlayan «MDB-nin maliyyə və bank sistemlərinin dayanıqlılığının yüksəldilməsi» mövzusunda II Beynəlxalq Bank Konfransında artıq bir neçə çıxış dinlənilib. «APA-Economics»in məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri və MDB Maliyyə-Bank Şurasının vitse-prezidenti Cahangir Hacıyev öz çıxışında bəyan edib ki, hazırda Birlik ölkələrinin bank sistemində müəyyən problemlər mövcuddur və konfransın əsas məqsədi bank sisteminə də toxunan qlobal maliyyə böhranına müqavimət göstərməkdir.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev isə qeyd edib ki, maliyyə böhranı MDB-də bir sıra banka ciddi zərbə vurub və böhrandan çıxmağın yalnız bir yolu var, bu da birgə fəaliyyətdədir. S.Lebedev bəyan edib ki, MDB ölkələri prezidentlərinin Moldovanın paytaxtında keçirilmiş sammitində Maliyyə böhranı nəticələrinin aradan qaldırılması üzrə Tədbirlər Planının layihəsi razılaşdırılıb və artıq bu ilin noyabrın 20-də Yaltada (Ukrayna) keçiriləcək növbəti MDB dövlət başçıları sammitində təsdiqlənməsi nəzərdə tutulur. Qeyd edək ki, Plan ticarət dövriyyəsində milli valyutaların rolunun artırılması, pul siyasətinin aspektləri, maliyyə dayanıqlığı kimi məsələləri nəzərdə tutur. S.Lebedev həmçinin qeyd edib ki, MDB ölkələri arasında böhran ən az Azərbaycana təsir edib.

Konfransda çıxış edən Azərbaycan Mərkəzi Bankının baş direktoru Xəqani Abdullayev bəyan edib ki, hazırda yaşanan böhran öz miqyasına görə ən iri böhranlardan biridir. Böhran nəticəsində dünyada makroiqtisadi siyasətin yeni modelinə keçid və risklər üzrə nəzarətin gücləndirilməsinin vacibliyi üzə çıxıb. X.Abdullayevin sözlərinə görə, hazırda ÜDM-in təxminən yarısına bərabər olan valyuta ehtiyatları Azərbaycanı böhrandan sarsılmaqdan qoruyub.

X.Abdullayev konfrans iştirakçılarını Azərbaycanın makroiqtisadi göstəriciləri ilə tanış edərək bildirib ki, 2009-cu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda ÜDM-in artımı 5% təşkil edib, o cümlədən 1,5%-lik artım qeyri-neft sektorunda müşahidə olunub.

Bank sektoruna gəldikdə isə X.Abdullayevin sözlərinə görə, cari ilin ilk rübündə valyuta və bank bazarlarında psixoloji amillərin təsiri artıb, lakin ikinci rübdən başlayaraq, vəziyyət nəzərə çarpan dərəcədə yaxşılaşıb. Mərkəzi Bankın intervensiya siyasəti müsbət istiqamətdə yaxşılaşıb və hazırda AMB bazarda valyuta satmır, əksinə, alır. Mərkəzi Bankın balans mənfəəti bu il 2 mlrd. manata çatıb ki, bu da 2009-cu ilin gözlənilən ÜDM-in 6%-i deməkdir.

Bank və real sektorlarda vacib amillərə toxunan X.Abdullayev həmçinin bildirib ki, ölkədə dövlət tərəfindən ipoteka kreditləşməsinin bərpası nəticəsində daşınmaz əmlak bazarının canlanması baş verib, bank sektorunda likvidlik səviyyəsinin norması 30% olduğu halda, faktiki olaraq 67%-ə bərabərdir. Eyni zamanda, bu ilin ikinci rübündə depozitlərin həcmi 6% artıb ki, bu da əsasən iri və müddətli depozitlərin hesabına baş verib. Həmçinin, cari ildə banklar 1 mlrd. dollardan artıq xarici borc ödəyib ki, bu da bank sektorunun böhrana qarşı davam gətirməsinin əlavə göstəricisidir.

X.Abdullayevin sözlərinə görə, 2010-cu il böhranın nəticələrinin aradan qaldırılması və iqtisadi artım dövrü olacaq. Həmçinin vurğulanıb ki, pul siyasəti böhrana qarşı müqavimət üçün kifayət edən alət deyil və hazırda AMB bank sektorunun İspaniyanın nəzarət-tənzimləmə təcrübəsini öyrənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR